Mehmet Akif Ərsoy Vəqfinin başqanı Mehmet Ruyan Soydan Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olub.

Türkiyəli qonaq Hüseyn Cavidin 1913-cü ildə Tiflisdə nəşr olunmuş birpərdəli “Ana” dramının fotofaksimilesini, vəqfin döş nişanını, “Akif salnaməsi. 4-cü Mehmet Akif və mühitinə dair araşdırmalar” adlı kitabı ədibin ev-muzeyinə hədiyyə edib.

Qeyd edək ki, böyük ədib Hüseyn Cavid 1906 – 1910-cu illərdə İstanbul Universitetində ədəbiyyat müəllimi işləyən M.A.Ərsoyun dərslərinə qatılıb, “Sırat-ı müstəqim” jurnalında şeirləri dərc olunub. Muzeyə hədiyyə edilmiş “Ana” dramının fotofaksimilesinin üzərində dramaturqun türkcə “Böyük ruhlu və dəyərli Süleyman Fərrux bəyə dəyərsiz və kiçik bir hədiyyə. Cavid” avtoqrafı yer alıb.

Kitabın 258-ci səhifəsində “Azərbaycanın böyük şairi Hüseyn Caviddən bir yadigar” başlıqlı yazı, 259-cu səhifəsində isə “Ana” dramının fotosu öz əksini tapıb.

Ruyan Soydan Hüseyn Cavidin Ev-Muzeyinin eksponatları ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb və muzeyin direktoru filologiya elmlər doktoru Gülbəniz Babaxanlıya öz təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.