Yola salmağa hazırlaşdığımız 2023-cü il Azərbaycan Milli Xalça Muzeyi üçün həyata keçirilən uğurlu layihələrlə əlamətdar olub. İl ərzində muzeydə müxtəlif mövzularda mühazirələr, ustad dərsləri, tematik ekskursiyalar, kitab təqdimatları, həmçinin uşaqlar üçün xüsusi tədris proqramları keçirilib, sərgilər, tədbirlər təşkil olunub.
“Heydər Əliyev İli” ilə bağlı muzeydə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” mövzusunda beynəlxalq elmi konfrans və “Tarixin salnaməsi” adlı sərgi keçirilib.
Digər vacib hadisə isə 31 ildən sonra Şuşa şəhərində muzeyin filialının fəaliyyətinin bərpası, nadir Qarabağ xalça nümunələrinin yenidən doğma diyarda sərgilənməsi olub.
Bu il muzeyin 100 min nəfərdən artıq ziyarətçisi olub. Bununla da muzey növbəti dəfə ölkəmizin ən çox ziyarətçi qəbul edən muzeyi kimi mövqeyini qoruyub. Həmçinin muzey bu il peşəkarların rəyləri əsasında verilən yeganə mükafat olan “Ekspertlərin seçimi mükafatı”na (“Experts' Choice”) layiq görülüb. Muzeyin kolleksiyası 53 nadir eksponatla zənginləşib.
***
Bu il də Azərbaycan Milli İncəsənət Muzeyi üçün məhsuldar il olub. İl ərzində muzeydə çoxsaylı sərgilər, tədbirlər, konfranslar, ustad dərsləri, maarifləndirici mühazirələr həyata keçirilib.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Heydər Əliyev – 100: sevimli əsərlər”, “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər”, “Mədəni yaddaşımızda Qərbi Azərbaycan”, “Miniatürsayağı” və “Zamanla dialoq” sərgiləri maraqla qarşılanıb.
Muzey il ərzində kiçikyaşlı ziyarətçilərini də unutmayıb, onlar üçün müxtəlif səpkili tədbirlər təşkil olunub.
Bu il muzeyin 15 minə yaxın ziyarətçisi olub.
***
Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev İli” ilə əlaqədar müxtəlif tədbir və seminarlar keçirilib, “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərgi təşkil edilib.
Şuşada “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi təşkil edilib. Sərgidə muzeydə qorunan bir sıra eksponatlar da nümayiş olunub.
Həmçinin muzeyin eksponatlarının da yer aldığı “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərgi keçirilib.
Muzeydə 2021-ci ildə yaradılan Vətən müharibəsi fondunun zənginləşdirilməsi istiqamətində il ərzində işlər davam etdirilib. Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun şəxsi əşyalarının muzeydə təqdimatı olub.
İl ərzində muzeyi ümumilikdə 12 400 nəfər ziyarət edib ki, onların da 5100-ü xarici ziyarətçidir.
***
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, hər il olduğu kimi bu il də görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar hadisələrlə bağlı tədbirlər, konfranslar, seminarlar təşkil olunub. Muzeydə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi ilə bağlı “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” mövzusunda respublika elmi konfransı, S.Urməvinin 825, Ə.Marağayinin 670, M.M.Nəvvabın 190 illiyinə həsr edilən “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisinin mədəniyyətlərarası səsləşmənin “İpək yolu kimi” mövzusunda beynəlxalq konfrans və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika konfransları, “Mən azərbaycanlıyam” mövzusunda ədəbi-musiqili gecə keçirilib.
İl ərzində muzeyin 10 mindən çox ziyarətçisi olub. Muzeyin ekspozisiyasında 5 dildə (Azərbaycan, ingilis, rus, ərəb və fars) 2300-dək izahat aparılıb.
***
İl ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, onun filiallarında və muzeydən kənarda ümumi 55 tədbir keçirilib.
“Heydər Əliyev İli” ilə əlaqədar Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir və muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və musiqi mədəniyyətimiz” sərgisi təşkil olunub. Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Heydər Əliyev və ev muzeyləri” mövzusunda keçirilən respublika elmi-nəzəri konfransında “Milli mədəniyyətimizin himayədarı” məruzəsi ilə çıxış edib. Bunlarla yanaşı il ərzində muzeydə və filiallarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində 9 konsert keçirilib.
“Gənclərə dəstək layihəsi” çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə “Fortepiano musiqisi axşamı”, “XX əsrin musiqisi”, “Bir çərşənbə axşamı”, “Bahar gəlir”, “Gitara musiqisi axşamı” adlı konsertlər təşkil olunub.
Keçirilən tədbirlərdə qonaqlara mövzular üzrə ekspozisiyada nümayiş olunmayan, arxiv materialları əsasında hazırlanmış slayd-şoular vasitəsilə muzeyin zəngin fondları ilə tanış olmaq imkanı yaradılıb.
Bu il muzeyi və onun filiallarını ümumilikdə 11 500-dən çox insan ziyarət edib.
***
Azərbaycan İstiqlal Muzeyində il ərzində 21 tədbir-sərgi keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Ürəklərdə yaşayan dahi şəxsiyyət” adlı ədəbi-bədii tədbir, “Millətə adanmış ömür” adlı tədbir-sərgi təşkil edilib.
Bundan başqa, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq, vətənpərvərliyin təbliği məqsədilə 2021-ci ildən həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə davam etdirilib.
İl ərzində muzeyə 8600-ə yaxın ziyarətçi gəlib. Onlardan min nəfərə yaxını xarici vətəndaşdır. Ziyarətçilər üçün Azərbaycan, rus və ingilis dillərində 330 ekskursiya aparılıb.
***
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində əlamətdar mədəniyyət hadisələri, yubileylərlə bağlı müxtəlif tədbirlər keçirilib. Muzey “Heydər Əliyev İli” ilə əlaqədar ilin əvvəlindən başlayaraq “Heydər Əliyev və Azərbaycan” adlı layihə həyata keçirib. Görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 100 illik yubileyi münasibətilə Ankarada, TÜRKSOY-un iqamətgahında tədbir təşkil olunub. Muzey tərəfindən həmin tədbirdə sənətkarın yaradıcılığını əks etdirən nadir eksponatlardan ibarət fotosərgi və videoçarx nümayiş etdirilib.
Həmçinin ölkəmizdə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimində muzeyin fondunda qorunan və müxtəlif dövrlərin teatr estetikasını əks etdirən 200-dən artıq fotonun yer aldığı səyyar sərgi nümayiş olunub. Festivalın bağlanış mərasimində təşkil olunan teatr rəssamlarının tamaşalara çəkdikləri dekorasiya və geyim eskizlərindən ibarət “Eskizdən səhnəyə” adlı səyyar sərgi maraqla qarşılanıb.
Bu il muzeyin ümumilikdə 5000 nəfərə yaxın ziyarətçisi olub.
***
İl ərzində görkəmli şəxsiyyətlərin ev-muzeyləri, həmçinin bölgələrdə fəaliyyət göstərən muzeylərdə də müxtəlif səpkili tədbirlər keçirilib.
N.Məmmədli