2023-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Azərbaycanda ilk dəfə 1847-ci ilin xəritəsinin Cənubi Qafqaz hissəsi nəşr olunub. 1847-ci ilin xəritəsi Gürcüstan Hərbi Topoqrafik Baş Qərargahı və Çar Rusiyası tərəfindən hazırlanmış xəritələrdir. Xəritələr olduğu kimi mənbəyi göstərilməklə çap edilib.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Bu zamana qədər Azərbaycan ictimaiyyəti üçün 1903-cü ildə çap edilmiş xəritənin daha məşhur olduğunu diqqətə çatdıran R.Həsənov əlavə edib: “Təbii ki 1903-cü ildə çap olunmuş xəritədə də istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni zamanda, Qərbi Azərbaycan ərazisində olan toponimlərin əsl həqiqi mənşələri göstərilmişdi. Amma həmin xəritələrdə XX əsrin əvvəllərində ermənilər tərəfindən saxtalaşdırılma, dəyişdirilmə işləri aparılıb. 1847-ci il xəritəsində olan toponimlər, hidronimlər və aqronimlərin faiz etibarilə daha çoxu (90 faiz) Azərbaycan, türk mənşəlidir. 10 faiz toponimlərdə isə ermənilər tərəfindən saxtalaşdırma işləri aparılıb. Bu faktlar da həmin xəritənin nəşrində ayrıca olaraq qeyd edilib”.

Prosesin davam etdiriləcəyini vurğulayan BBMM-in icraçı direktoru yalnız XIX və XX əsrlər yox, həmçinin XVII və XVIII əsrlərə aid həm Osmanlı arxivləri, həm də qonşu dövlətlərin arxivlərində işlərin aparılacağını qeyd edib.