Bir sıra abidələr yenidən restavrasiya olunmalıdır
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət nazirinin müavini Həsən Seyidov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və memar Ferhat Keten 22-23 dekabrda bölgədə yerləşən bir sıra tarixi və memarlıq abidələrinə baxış keçiriblər.
Muxtar respublikanın Mədəniyyət Nazirliyindən bildirilib ki, səfər tarixi abidələrin mövcud vəziyyətini dəyərləndirmək, təmir-bərpa işləri ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilib.
Naxçıvan şəhərində İsmayılxan hamamında, Mömünə xatın türbəsində, Xan Sarayında, Yusif ibn Küseyir türbəsində, İmamzadə Kompleksində, Naxçıvan Buzxanasında, eyni zamanda Kəngərli rayonunda yerləşən Qarabağlar Türbə Kompleksində və nekropol ərazisindəki qədim tikililərə baş çəkən mütəxəssislər aparılan bərpa işlərindən danışıblar.
Oğuz Ceylan bərpa zamanı yol verilən yanlışlıqlardan söz açıb. Qeyd edib ki, abidələrin restavrasiyasında beton və digər yad məmulatlardan istifadə edilməsi yolverilməzdir. Abidələrin üzəri metalla örtüldüyü, ətrafına sıx şəkildə daş döşəndiyi üçün buxarlanma normal getmir, qrunt suları abidələrdə nəmişlik yaradır. Bu da gələcəkdə onların məhv olmasına səbəb ola bilər. Abidələr üzərinə çəkilən boya və beton üzlüklərdən təmizlənməli, ilkin görüntüləri nəzərə alınmaqla tarixi sübutlar əsasında yenidən restavrasiya olunmalıdır.
Mütəxəssislər Culfa və Ordubadda da olublar. Culfa rayonunda yerləşən Gülüstan türbəsi, Ordubad rayonu ərazisindəki Xarabagilan arxeoloji abidəsi, Ordubad mədrəsəsi, Sərşəhər məscidi və digər abidələrə baxış keçirilib, bərpa işləri ilə bağlı fikir mübadiləsi aparılıb.