Xəbər verdiyimiz kimi, 15-22 dekabr tarixlərində ölkəmizdə Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı keçirildi. Festivalın konsertləri paytaxtla yanaşı, bir sıra bölgələrimizdə də gerçəkləşdi.

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində festivalın təntənəli bağlanış mərasim-konserti keçirildi.

Bağlanış mərasimi bu il andan olmasının 165 illik yubileyi bütün dünyada qeyd edilən italyan bəstəkar Cakomo Puççininin (1858-1924) yaradıcılığına həsr edilmişdi. “Viva, Puççini” adlı konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestri, xoru və solistləri çıxış etdilər. 

Konsertdə ilk olaraq Əməkdar incəsənət xadimi, xormeyster Sevil Hacıyevanın rəhbərliyi ilə xor “Turandot” operasından səhnə ilə başladı. Musiqi axşamını İtaliyadan dəvət olunmuş dirijor Mikelancelo Massa idarə edirdi.

Opera və Balet Teatrının solistləri – Xalq artistləri Azər Zeynalov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, İnarə Babayeva, Fəridə Məmmədova, Fərid Əliyev, Anton Ferştandt, Azər Zadə, Afaq Abbasova, solistlər Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev və gecənin xüsusi qonağı Darya Ribak  (İsveçrə) Cakomo Puççininin operalarından ariyalar, romanslar ifa etdilər.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə baş tutan gecənin sonunda "Turandot" operasından Kalafın "Nessun dorma" (“Qoy kimsə yatmasın”) ariyası konsertin bütün iştirakçıları tərəfindən ifa edilərək hərarətli alqışlarla qarşılandı.

Festivalın bağlanış mərasimi Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə canlı yayımlanırdı.

Gülcahan