Bakı Uşaq və Gənclər Teatrı dekabrın 29-da və 30-da balaca dostlarına yeni “Çəkməli Santa” tamaşasını nümayiş etdirəcək.
Arzu Soltanın əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar artisti İntiqam Soltan, rejissor köməkçisi İlhamə Əhmədova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli və Qurban Əhmədovdur.
Yeni il şənliyinə getməyə hazırlaşan Santanın çəkmələrində pişik balaları yuva saldıqlarına görə o, Çəkməli Pişiyin çəkmələrini geyinməli olur. Bütün hadisələr də bundan sonra baş verir. Santanı hamı Çəkməli Pişik kimi görür. Lakin sonra... Sonra nə olacağını bilmək üçün Santanın macəralarını izləmək lazımdır.
Tamaşanın sonunda dostluq, xeyirxahlıq, mehribanlıq və xoş niyyət qalib gəlir, bütün dostlar Yeni ili qarşılayırlar.
Bakı Uşaq və Gənclər Teatrının tamaşaları Qurban Abbasov adına Qaraçuxur Mədəniyyət sarayında hər iki gün saat 12-də göstəriləcək.