Bəli, üzümüzə gələn il Şərq təqviminə görə Yaşıl Əjdaha ilidir. Yaşıl Əjdaha da ünsürünə (oxu: materialına) görə ağacdır. Yəni bu Əjdahanın qəti qorxusu yoxdur. Düzdür, Əjdaha bu təqvimdə yeganə mifik varlıqdır, bununla belə, onu cırnatmasaq, bizə xeyli sevinc yaşada bilər. 

Əjdaha – heyvanlar arasında avtoritet, Çin imperator hakimiyyətinin rəmzi sayılır. Hakimiyyətə sözsüz itaətin fonunda Əjdaha bir qədər qorxulu, bir qədər də zəhmli təsir bağışlasa da, Əjdaha ilinin hadisələri o qədər də vahiməli görünmür. Belə hesab edilir ki, bir çox uğurlu hadisələr onun himayəsi altında keçən ildə baş verir. Deməli, 2024-cü ildən də yaxşı olaylar, xoşagələn dəyişikliklər gözləməyə dəyər.

Bu yerdə yaşıl rəng də öz töhfəsini verir. Şərq mədəniyyətində yaşıl rəng sakitlik, öz dəyərlərinə zərər vermədən şəraitə uyğunlaşma bacarığı anlamındadır. Üstəlik, yaşıl rəng xalqın rəmzidir. Bu isə o deməkdir ki, Əjdaha planetin sadə sakinlərinə qarşı xüsusilə lütfkardır.

Təzə ili tam hazırlıqlı qarşılamaq lazımdır. 2024-cü ildə uğur gətirən nələrinsə seçim imkanı isə genişdir. Məsələn, mənzilinizi bonsay üslubunda cırtdan ağaclarla bəzəyə, komodun üstünə fotoşəkil çərçivəsi rolu oynayan miniatür yarpaqlı dekorativ ağac qoya bilərsiniz. Yarpaq çərçivələrə isə doğmaların fotolarını keçirmək olar.

Evdə Əjdahanın olması da məsləhətdir. O zaman “bəs onda həmin Əjdahadan bizdə niyə yoxdur” ritorik sualını verməyə ehtiyac qalmayacaq. Düzdür, yumşaq yaşıl Əjdaha oyuncağı hər kəsə uyğun deyil, amma onun portreti həkk olunmuş divan balışı, divar, ya da stolüstu təqvim, pled, masa üçün dekorativ süfrə və s. çox adamın ürəyincə ola bilər.

Deyirlər ki, ili necə qarşılasan, elə o cür də yola salarsan. Əjdaha ili də istisna deyil. Onun istəklərinə nə qədər çox diqqət yetirilərsə, ilin hamisi sizdən bir o qədər razı qalar.

Əjdaha gözəgəlimli, nəcib, şəhanə məxluqdur. O, parlamağı və diqqət mərkəzində olmağı sevir. Odur ki, Əjdaha ilini ona yaraşan tərzdə hay-küylü, şən və dəbdəbəli qarşılamaq lazımdır.

Əjdaha üçün iki əsas rəng var: qızılı və qırmızı. Bu yerdə qadınların və uşaqların işi asandır, çünki min kişidən bir nəfərin qırmızı rəngdə pencəyi, köynəyi ya olar, ya da olmaz. Amma qırmızı qalstuk, ya pencək üçün dekorativ cib dəsmalı, qızılı qol düyməsi, bəd ayaqda qırmızı corab da vəziyyəti xilas edə bilər. Əgər qırmızı və qızılı rənglər sizlik deyilsə, o zaman yaşıl rəngi seçin. Üstəlik, yaşılın o qədər çaları var ki! Təbii ki, yaşıllığı unutmaq olmaz. Dekorativ, süni və canlı dibçək gülləri ilə interyeri bəzəyin.

Ola bilsin ki, bu sətirləri oxuyan kimsə bizi qınasın ki, Əjdaha ilinə dair tövsiyələrimizi gec çatdırırıq. Amma məlumunuz olsun ki, Əjdaha ili Çin təqvimi ilə gələn il fevralın 10-da, bizə doğma olan təqvimlə isə mart ayının 20-21-də başlayacaq. Yulian təqvimi ilə qeyd etdiyimiz Yeni il isə, belə deyək ki, Əjdaha ilinin baş məşqidir.

Odur ki, Əjdaha ilini onun adına layiq, öz arzularınıza sadiq qalaraq qarşılamağa hələ vaxt var.

Yenə də olsun, Yeni iliniz mübarək!

Gülcahan