1987-ci il, dekabrın 31-i... Köhnə ilin son axşamı Azərbaycan Televiziyası gözəl bir tamaşanı – “Yaşıl eynəkli adam” tamaşasını təqdim etdi. Əsərin müəllifi Vaqif Səmədoğlu, quruluşçu rejissorları Ramiz Həsənoğlu və Tariyel Vəliyev, quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu rəssamı Rəfael Əsədov, bəstəkarı Cavanşir Quliyev idi.

Tamaşanın uğurunu təmin edən ən mühüm cəhət isə onda çağdaş Azərbaycan teatrının ən gözəl aktyorlarının çəkilməsi idi. Hətta həmin vaxt hələ ulduzu parlamamış bir neçə xarakterik aktyor var idi ki, məhz “Yaşıl eynəkli adam” onların sənət taleyinə işıq saldı. Tamaşanı maraqlı edən başqa bir məqam isə onun Şərq təqvimi ilə qarşıdan gələn Əjdaha ili ilə bağlanması idi. O gündən bu günə Azərbaycan seyrçisi üç Əjdaha ilini “Yaşıl eynəkli adam”la yola salıb, dördüncüsünü qarşılamağa hazırlaşır. Biz də “Mədəniyyət” qəzeti olaraq Əjdaha ili ərəfəsində “Yaşıl eynəkli adam” tamaşasını yada salmaq istədik.   

 

Xalq artisti Afaq Bəşirqızı – Zəhra xalaqızı:

“Yaşıl eynəkli adam” tamaşası mənim üçün çox əziz və doğma tamaşadır. Bəlkə də Vaqif Səmədoğlunun sağlığında onun adını, əsərlərini, onlarda oynamaq səbəbimi indiki qədər səmimiyyətlə deməmişəm. Bu gün isə Vaqifdən qalan hər xatirə mənə çox əzizdir. Onun mənim yaradıcılığımda oynadığı rol əvəzedilməzdir. Tamaşanın çəkilişində əziyyətim çox olub. Zəhra xalaqızı mənim o vaxtadək oynadığım xarakterlərə çox yaxın idi, buna görə də onu fərqləndirməliydim. Rejissor da istəyirdi ki, bu obraz seçilsin. Rəhmətlik Vaqif Zəhranı məhz mənim üçün yazmışdı, mənim yaradıcılığımın bəzi nüanslarını nəzərə almışdı. Bununla belə, axırıncı səhnələrdə hiss etdim ki, obrazı yaratmışam. Çünki ilk çəkiliş günlərində mənə elə gəlirdi ki, mən rolumu oynayıram, vəssalam. Həmin tamaşada birgə çəkildiyimiz, dünyasını dəyişmiş aktyorlara Allah rəhmət eləsin, qalanlara cansağlığı versin. 

Çox təəssüf ki, bu gün Vaqif Səmədoğlu kimi dramaturq yoxdur. Mən istəyərdim ki, yenə də “Yaşıl eynəkli adam” kimi tamaşalar çəkilsin, orta, gənc nəsil aktyorlar həmin tamaşalarda oynadıqları rollarla tamaşaçıların yadında qalsınlar.

 

Xalq artisti Hacı İsmayılov – Qafar müəllim:

– 1987-ci il dekabrın 31-də “Yaşıl eynəkli adam” teletamaşası ilk dəfə göstərildi. Çox uğurlu tamaşa alındı, o vaxtdan bu günədək demək olar ki, hər Yeni il bayramında, Novruz bayramında da bu tamaşa göstərilir. Unikal aktyor heyəti yığılmışdı, hətta epizodik rollarda da məşhur aktyorlar çəkilmişdi. Mənim oynadığım Qafar müəllim çox sadə, hətta sadəlövh adamdır. Bir arzusu var ki, yadlaşmış qohumları bir yerə yığsın.

İnanın ki, çəkiliş zamanı nə qədər improvizə etmişik. Hər aktyor çalışırdı ki, yaddaqalan tipaj yaratsın. “Yaşıl eynəkli adam”da işlənmiş nə qədər ifadə xalqın dilində zərb-məsələ çevrilib. Mənim Qəriblə ilk görüşümdə (Qafar ona Karib muellim deyir) dediyim “tabutik xoroşo, a molla ploxo?” ifadəsi dillər əzbəridir. Tamaşada Qafarın daşıdığı əjdaha başı əvvəlcə qutudan əl ilə çıxarılırdı. Təklif etdim ki, bəlkə qutunu açanda baş sıçrayıb çıxsın? Çünki belə reaksiya daha maraqlı olar. Bəyəndilər. Əjdaha başlarını purjinlə birtəhər qutuya saldılar. Doğrudan da, qapaq açılan kimi sıçrayan əjdaha başına reaksiyalar müxtəlif oldu.

Bir maraqlı hadisə də danışım. İçərişəhərdə Qafarın hansısa qohumun evinə gəlişini çəkirdik. Küçədən pilləkənlə qalxıb köhnə bir evin qapısını döyməliydim. Qalxdım, qapını döydüm, açan olmadı. Ramiz müəllim dedi ki, olmadı, bir də çəkirik. Üçüncü dublda qəfil qapını ağsaçlı, üzündən nur yağan yaşlı bir xanım açdı. Mən ki qapının açılacağını gözləmirdim deyə, ani tutuldum. Həmin qadın da mənə “oğlum, xoş gəlmisən, səni tanıyıram, artistsən, gəl içəri” deyib evə dəvət etdi. Mən də ona başa salmaq istəyirəm ki, çəkiliş gedir, olmaz, qadın da məni dinləmir, elə hey içəri dəvət edir. Demə, Abbas Mirzə Şərifzadənin ilk həyat yoldaşı imiş. İndiyədək həmin ağbirçək, nurani xanımın siması gözlərimin qarşısındadır.

“Yaşıl eynəkli adam” o qədər maraqlı alındı ki, onun ikinci, üçüncü hissələri də çəkildi sonradan. Düzdür, bəzi aktyorlar dəyişildi, amma tamaşa yenə sevildi. Tamaşanın musiqisi də gözəl idi. Bir aktyor kimi həmin tamaşada çəkildiyim üçün xoşbəxtəm. “Yaşıl eynəkli adam” tamaşası o illərin ən yaxşı televiziya tamaşalarındandır. 36 ildir ki, bu tamaşa baxılır. Üzümüzə gələn il də Əjdaha ilidir. Yəqin ki, onu yenə göstərəcəklər.

 

Xalq artisti Məbud Məhərrəmov – Qərib:

– Məni kəşf edən Ramiz Həsənoğlu olub. O, çox aktyorları tamaşalarında çəkməklə məşhur edib. Mən 1984-cü ildə “Bakı payızı” estrada müsabiqəsində danışıq janrında qalib gələndə Ramiz müəllim məni bəyənibmiş. Sonra məni “Ordan-burdan” tamaşasına rəqs müəllimi rolunun sınaqlarına çağırdı, amma o rola dostum, rəhmətlik Telman Adıgözəlovu daha uyğun bildi.

Nəhayət, məni “Yaşıl eynəkli adam”a dəvət etdi. Hacıbəy Teflonskinin nəvəsi, Saratovda rəssamlıq məktəbini bitirmiş Qərib – Qarik çox maraqlı obraz idi. Bəzən müəlliflərin, rejissorların çoxu aktyor improvizəsinə qısqanclıqla yanaşır. Amma nə Vaqif Səmədoğluda, nə də Ramiz Həsənoğluda elə xasiyyət var idi. Orada ən kiçik epizod mənimki idi – 8 dəqiqə. Tamaşa dekabrın 31-də efirə getdi. Səhər anam məni çörək almağa göndərdi. Çörək mağazasında hiss etdim ki, hamı mənə baxır, bir-birinə də deyir ki, bax, “tabutik”. O vaxt bu, mənə pis təsir etdi ki, tabutik nədir? Amma mən bir günün içində tanınmışdım, sonradan alışdım, o vaxtdan indiyədək məni “tabutik”, “Qarib muellim” çağırırlar. Bir haşiyə çıxım ki, evimi təmir etdirirdim, tez-tez tikinti materialları bazarına gedirdim. Evə gəlib satıcının yazdığı qaiməyə baxanda görürdüm ki, müştərinin adı qrafasında ya “tabutik”, ya da “Qarib müəllim” yazıblar. O vaxtdan qırxdan çox filmə, televiziya tamaşasına çəkilmişəm, amma tamaşaçılar yenə də məni Qərib kimi yadda saxlayıblar.

***

“Yaşıl eynəkli adam”ın müəllifi Vaqif Səmədoğlu, aktyorlardan Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov, Ələkbər Hüseynov, Larisa Vinoqradova, Nuriyyə Əhmədova, Ramiz Məmmədov, Ələsgər Məmmədoğlu həyatda yoxdurlar. Amma digər sanballı əsərlər, maraqlı tamaşalar kimi “Yaşıl eynəkli adam” da onları yaşadır. Bu tamaşanı seyr edən hər kəs haqq dünyasında olanlara rəhmət diləyir, Ramiz Həsənoğluna, Afaq Bəşirqızına, Hacı İsmayılova, Məbud Məhərrəmova, Cahangir Novruzova, Adışirin Bağırova, Sədaqət Dadaşovaya cansağlığı, uzun ömür arzulayır. Məhz bizə gülüş dolu anlar, sənətlə görüş bəxş etdikləri üçün...

Gülcahan Mirməmməd