Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində müvafiq resursların (sistem, ehtiyat və reyestrlər) birgə auditi aparılıb, audit nəticələrinə uyğun olaraq “Hökumət buludu” (“G-Cloud”) tələblərinə inteqrasiya təmin edilib və virtual mühit hazırlanaraq müvafiq resursların “Hökumət buludu” infrastrukturuna miqrasiyası təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” çərçivəsində ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğun hesab edilib.

Bu xüsusda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na əsasən, Mədəniyyət Nazirliyi tərəfindən zəruri fəaliyyət həyata keçirilib.

Mədəniyyət Nazirliyi tərəfindən cari ildə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində “Hökumət buludu”na miqrasiya üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (Infrastructure-as-a-Service) bulud infrastrukturu xidməti əldə edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Kollegiyasının müvafiq qərarı ilə nazirliyin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası (2024–2026-cı illər) təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, nazirlikdə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə işçi qrupu tərəfindən hazırlanmış “e-Culture” strategiyasında qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması, data əsaslı rəqəmsal idarəetmə modelinin və vahid inzibatlaşma siyasətinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, xidmətlərin yenidən layihələndirilməsi və elektronlaşdırılması, inteqrasiya imkanlarının genişləndirilməsi üzrə 10 prioritet istiqamətdə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur.