Əgər siz yol çantasını yığmaqla məşğulsunuzsa, Yeni il tətilini yaxın-uzaq xaricdə, ya da ölkəmizin dilbər guşələrində keçirmək planına yaxınsınızsa, onda bu yazını oxumaya bilərsiniz. Çünki bu yazdıqlarımız bayram günlərini paytaxtda qalıb, uşaqlarla birlikdə asudə vaxtını teatr-konsert salonlarında keçirmək istəyənlər üçündür.

Başlayaq Azərbaycan Dövlət Kukla Teatrından. Yaradıcı heyət Yeni il bayramı günlərində “Qış nağılı” adlı şənlik-tamaşa hazırlayıb. Səhnələşdirən və quruluş verən Saida Haqverdiyeva, quruluşçu rəssam İqbal Əliyevdir.

Tamaşa indiki uşaqların əyləncə dünyasının zərərli tərəfləri barədədir. Uşaqlara həm onlayn platformalar və mobil telefonlarla uzun zaman keçirməyin zərərləri aşılanır, həm də şifahi xalq ədəbiyyatımızdan məşhur personajlar və hadisələr vasitəsilə mütaliəyə maraq yaradılır.

Nağıl qəhrəmanları birləşib uşaqların Yeni il şənliyinə gəlməyən Şaxta baba və Qar qızı axtarırlar. Lakin onları tapsalar da, şənliyə gəlməyə razı sala bilmirlər. Mobil oyunlarda vaxt keçirib dərsdən yayınan, eyni zamanda sağlam qidalanmayan uşaqlardan incik düşdüyünü deyən Şaxta baba onlarla görüşmək istəmir. Xeyli cəhddən sonra nağıl qəhrəmanları Şaxta babanı razılığa gətirir və şənliyin baş tutmasına nail olurlar.

28 dekabr – 4 yanvar tarixlərində hər gün dörd seans (saat 12, 14, 16 və 18) nümayiş etdiriləcək “Qış nağılı”nda rolları Aygül Ağayeva, Cavid Telman, Elnur Əliyev, Elxan İsmayılov, Səbinə Məmmədova, Elgün Həmidov, Araz Həsənli, Samirə Əliyeva və başqaları ifa edirlər.

 

“Şirinlər”in yeni macərası

 

Gənc Tamaşaçılar Teatrı dekabrın 28-dən Yeni il proqramına başlayıb. Balacaları “Şirin əjdaha” tamaşası gözləyir. Yanvarın 3-dək hər gün iki seans (12:00 və 14:00; bir dəfə Azərbaycan, bir dəfə rus dilində) göstərilən tamaşa məşhur “Şirinlər” cizgi serialı qəhrəmanlarının Yeni il macərası haqqındadır.

Quruluşçu rejissoru Elşad Rəhimzadə olan tamaşada Əməkdar artistlər Rasim Cəfərov və Elnur Bəhramxan, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Səbinə Məmmədzadə, Zümrüd Quliyeva, Aybəniz Heydərova, Asya Atakişiyeva, Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Anar Seyfullayev, Elgün Yəhyayev, Anar Səfiyev, Xaliq Bəkirov, Hökumə Rəhimzadə, Aygün Fətullayeva, Ramil Şamiloğlu, Bəhram Əliheydər, Könül Əbilova və Hüsniyyə Əhmədova çıxış edirlər.

 

Tamaşada nə olacaq? – gələrsiniz, görərsiniz

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da uşaqlar üçün “Yeni il şənliyi” hazırlayıb.  Teatrdan aldığımız məlumata görə, tamaşada Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları iştirak edəcəklər.

Dekabrın 29-dan yanvarın 3-dək hər gün dörd seans olmaqla (10:30, 12:30, 14:30, 16:30) nümayiş olunacaq tamaşanın digər qəhrəmanları, süjeti barədə maraqlananda isə dedilər ki, yaradıcı heyət bunu sirr saxlayır. Yəni, necə deyərlər, gələrsiniz, görərsiniz.

 

Yeni ili “Balıqçı...” ilə qarşılayaq

 

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Balıqçı və qızıl balıq haqqında nağıl” tamaşası ötən həftəsonundan repertuardadır. 30-31 dekabr, eləcə də 2 və 4 yanvarda (12:00) A.S.Puşkinin eyniadlı əsəri əsasında hazırlanmış bu nağıl-tamaşa balaca teatrsevərlərin ixtiyarına veriləcək. Quruluşçu rejissor və xoreoqraf Raulya Turkkan, dekorasiya üzrə rəssam Səmra Axundova, geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Tamaşadan öncə Qar qız ilə Şaxta baba səhnənin önünə çıxıb balacaları Yeni il münasibətilə təbrik edirlər.

 

“Buzlar ölkəsində” nə var, nə yox?

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı dekabrın 23-dən Yeni il ovqatındadır. “Buzlar ölkəsində” nağıl-tamaşası yanvarın 5-dək hər gün saat 10:00, 12:00, 14:00 və 16:00-da nümayiş olunur.

Tamaşa Anar Sadıqovun qələmə aldığı nağıl əsasında səhnəyə qoyulub. Quruluşçu rejissor Əlif Cahangirli, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Rəşad Bəxtiyarov, Sevinc Əliyeva, Elxan Quliyev, Mətləb Abdullayev, aktyorlar Şəhla Əliqızı, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Firuzə Balayeva, Vüsal Mustafayev, Dilarə Nəzərova, Lalə Süleymanova və Nəzrin Abdullayeva çıxış edirlər.

 

“Küllücə”, bir də “Şelkunçik”

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bayram günlərində iki tamaşa təqdim edəcək. Dekabrın 30-da L.Vaynşteynin “Küllücə” (“Zoluşka”) operası (12:00, 16:00) göstəriləcək. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Əli Usubov, rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor Orxan Həşimovdur. Tamaşa rus dilindədir. Rollarda Əməkdar artistlər İnarə Babayeva, Anton Ferştandt, Fəridə Məmmədova və Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Nəriman Əliyev, Fəhmin Əhmədli və Nina Makarova iştirak edirlər.

Yanvarın 5-də (19:00) və yanvarın 6-da (15:00) isə P.İ.Çaykovskinin “Şelkunçik” baleti nümayiş olunacaq. Bu tamaşanın da dirijoru Orxan Həşimovdur. Əsas partiyaları Dinara Məmmədova (Maşa), İntiqam Məmmədov (Şahzadə) və Əməkdar artist Anar Mikayılov (Drosselmeyer) ifa edəcəklər. 

Teatrın tamaşaları BMA-nın Opera studiyasında göstərilir.

 

Bir məkanda üç şənlik

 

Heydər Əliyev Sarayında göstəriləcək Yeni il şənlik-tamaşaları sarayın öz proqramı olmadığı üçün həmin tədbirlər haqqında qısaca məlumat verməli olduq.

Dekabrın 30-da (12:00, 15:00) “Yeni ilin Mult Paradı”, yanvarın 2-3-də (12:00, 15:00) “Yeni il” şənlikləri, yanvarın 4-də (10:00, 13:30, 17:00) isə “Şaxta babanın axtarışında” şənlik-tamaşası keçiriləcək.

***

Bizdən bu qədər. Əsas odur ki, Yeni il tətilində darıxmayasınız. Xatırladaq ki, biletləri şəhərin teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Gülcahan Mirməmməd