Azərbaycan boyda arzu ağacımız yeni ildə çiçəklənib daha da qol-budaq atsın!

 

Azərbaycanın ən yeni tarixinin əlamətdar hadisələr, ölkə həyatının bütün sahələrində və təbii ki, mədəni həyatda mühüm yeniliklər, inkişafa yönələn təşəbbüslərlə zəngin olan daha bir ili başa çatır.

2023-cü ilə möhürünü vuran və tariximizdə şanlı səhifə kimi qalacaq hadisə, heç şübhəsiz ki, Azərbaycan Respublikasının bütün ərazisində suverenliyini, dövlət hakimiyyətini tam bərqərar etməsi oldu. 35 il öncə tariximizə bulaşmış və suverenliyimizə, ərazi bütövlüyümüzə parazit kimi qənim kəsilmiş davakar separatizmin kökü kəsildi.

2020-ci ilin 44 günlük Vətən müharibəsindəki Zəfərin məntiqi davamı olaraq 2023-cü ilin 19-20 sentyabrı tarixin əqrəblərini yerindən oynatdı. Özü də sadəcə 35 il öncənin deyil, tam 100 il əvvəlin...

Azərbaycan 1923-cü ildə ərazi-inzibati xəritəsinə düşən ləkədən, tariximizə pərçim edilmiş “saatlı bomba”dan, nəhayət, həm də 23 saat içində xilas oldu. 15 oktyabrda Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Və bütün dünya gördü ki, Azərbaycanın hər qarışı Azərbaycandır...

2023-cü ildə müasir Azərbaycanın qurucusu, onun müstəqilliyini sarsılmaz, əbədi və dönməz etmiş Heydər Əliyevin 100 illiyi idi. Və nə xoş təsadüf ki, məhz bu ildə Azərbaycanın müstəqilliyi ilə bərabər suverenliyinin də təntənəsi oldu. Bu suverenliyin daha da möhkəmlənməsi, sarsılmaz və əbədi olması Heydər Əliyevin təməlini qoyduğu və İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilik yolunun gələcəyinə bağlıdır. 2024-cü il xalqımızın bu yolun davamına göstərəcəyi etimadın bir daha təsdiqi olacaq...

Zəfər ruhu ilə qarşıladığımız artıq dördüncü Yeni ilin – 2024-ün Azərbaycanın tarixində tərəqqi, rifah və firavanlıq dolu il olması hamımızın arzusudur. 2024 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın (2022-2026) icrasında çox əhəmiyyətli il olacaq. 2022-ci ildə başlanan, 2023-də ünvanları artan Böyük Qayıdış üzümüzə gələn ildə daha da intişar tapacaq. Azad torpaqlarımız abad olduqca, doğma sakinlərinə daha geniş qucaq açdıqca o yerlərə mədəniyyətimiz, incəsənətimiz də daha iri miqyasda qayıdacaq.

2024-cü ildə Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Ən mühümü isə Azərbaycanın, Bakının bu ildə dünyanın yaşıl gündəminə möhür vurması olacaq. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Və nə maraqlı təsadüf ki, 2024-cü il Şərq mifoloji təqvimində də yaşıl rəng üstündə (Yaşıl Əjdaha ili) gəlir. Necə deyərlər, yaşıl yaşıla qarışır. Yaşıl rəng sakitlik, sabitlik rəmzi sayılır. Yaşıl həm də təbiətin bir rəngi, canlı həyatın cücərtisi, çiçəklənməsi deməkdir. 2024-cü ildə köhnə ildən qalan arzularımız boy verib cücərsin, çiçəklənsin, gerçəyə dönsün. Azərbaycan boyda arzu ağacımız isə daha da böyüyüb qol-budaq atsın...

Yeni ili ənənəvi olaraq digər əlamətdar gün – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə birgə qarşılayırıq. 32 il əvvəl təqvimimizə düşən bu gün sayəsində ilsonu bayramımız ikiqat olsa da, Vətən torpaqlarının bir hissəsi yağı əlində qaldığı illərdə bunu ürəkdolusu yaşaya bilmirdik. Amma artıq dördüncü təqvim ilidir ki, onu bütün dünyadakı soydaşlarımızla gerçək anlamda ikiqat bayram ruhu ilə qarşılayırıq.

Azərbaycan adı ilə yaşayan cümlə vətəndaşlarımız, dünyanın dörd bir yanındakı həmvətənlərimiz, bayramlarımız mübarək olsun!

Vüqar Orxan