Bu il dünya şöhrətli naxçıvanlı rəssam İbrahim Safinin (Rəhman Səfiyev; 1898–1983) anadan olmasından 125 il ötür.

Bu münasibətlə dekabrın 27-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, AMEA Naxçıvan Bölməsi və NMR Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında “İbrahim Safi: rəssam-impressionist” adlı tədbir keçirilib.

Əvvəlcə teatrın foyesində fırça ustasının əsərlərindən ibarət sərgiyə baxış olub.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev İbrahim Safinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Şərur rayonunun Cəlilkənd kəndində, Səfiyevlər ailəsində dünyaya gələn rəssam ömrünün sonuna qədər Türkiyədə yaşayıb, bir-birindən maraqlı əsərlər yaradıb. Həyatının bütün mərhələlərində Naxçıvana qayıtmaq istəsə də, SSRİ dövründə bu mümkün olmayıb. İbrahim Safi həm də Mustafa Kamal Atatürkün obrazını yaradan ilk rəssam olaraq tarixə yazılıb.

NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov qeyd edib ki, İbrahim Safi yaradıcılığı həm də ona görə önəmlidir ki, o, iki qardaş ölkə arasında mədəni körpü rolunu oynayıb, ortaq türk mədəniyyətinin inkişafına xidmət edib. Rəssam “Ən yaxşı müəllim təbiətdir, rəssamın müəllimi təbiətin özüdür” fikrini yaradıcılıq qayəsinə çevirib, sənətin müxtəlif janrlarında dəyərli ər yaradan rəssam yaradıcılığında realizmə üstünlük verib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, NMR Rəssamlar Birliyinin sədri Əməkdar rəssam Ülviyyə Həmzəyeva İbrahim Safinin həyat və yaradıcılığı barədə apardığı araşdırmalar haqqında məlumat verib. Qeyd edib ki, 1918-ci ildə Qafqaz-İslam Ordusunun tərkibində Zəngəzur döyüşlərində könüllü olaraq ermənilərə qarşı vuruşan İbrahim Safi müharibə mövzulu bir sıra  əsərlər də yaradıb.

Sonra Ülviyyə Həmzəyevanın müəllifi olduğu “İbrahim Safi: rəssam-impressionist” kitabının təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Şəmsiyyə Zalova, icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, NMR Rəssamlar Birliyinin baş fond mühafizi, sənətşünas Nizami Alıyev və İbrahim Safinin əmisi qızı Məhəbbət Səfiyeva çıxış edərək rəssamın ömür və sənət yolundan, yeni nəşrin əhəmiyyətindən danışıblar.

Sonda görkəmli rəssamın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.