Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyi münasibətilə teatrların qastrol səfərləri gerçəkləşir.
Aksiya çərçivəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı salyanlı tamaşaçılar qarşısında çıxış ediblər.
Yaradıcı heyət Salyan Dövlət Kukla Teatrında şair-dramaturq Kəmalə Ağayevanın əsəri əsasında hazırlanan "Tık-tık xanım” tamaşasını göstərib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı NMR-in Əməkdar rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur.
Birhissəli səhnə əsərində personajları Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova və Sənan Abutalıbov canlandırıblar.
Səhnə əsəri salyanlı uşaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, başa çatmaqda olan il naxçıvanlı kuklaçılar üçün uğurlarla yadda qalıb. İl ərzində H.X.Andersenin “Qar kraliçası”, Ə.Abbasovun “Keçinin qisası”, Ə.Qasımovun “İnanmayaq yalanlara”, V.Haqverdiyevin “Saçları səməni oğlan” tamaşaları hazırlanaraq teatrsevərlərin ixtiyarına verilib.
Hazırda teatrda paralel olaraq iki tamaşanın tamamlanma işləri gedir. Bunlar V.Haqverdiyevin “Qarınqulu ayı balası” və C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərləridir.
Teatr təmsilçiləri məktəblilərin qış tətili və Yeni il bayramı günləri üçün də zəngin repertuar müəyyən ediblər. Dekabrın 31-dən yanvarın 6-dək davam edəcək tamaşalar sırasında “Qırmızıpapaq”, “Kələkbaz canavar”, “Turp”, “Buratino” və “Yalanlara inanmayaq” var.