Başa çatmaqda olan 2023-cü il mədəniyyət sahəsində bir sıra yeniliklərlə yadda qaldı. Mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bu sahənin ayrı-ayrı istiqamətlərində mövcud vəziyyət və inkişaf perspektivlərinin ilk dəfə geniş formatda müzakirə olunduğu  irimiqyaslı tədbirlər – forumlar keçirildi.

 

150 yaşlı Azərbaycan teatrının inkişaf yolları müzakirə olundu

 

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı 11-12 aprel tarixlərində Bakıda Teatr Forumu keçirildi. Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə gerçəkləşən forum “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunmuşdu.

“Azərbaycan teatrında ənənə və trendlər”, “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası”, “Teatr və tamaşaçı, milli teatrımızın inteqrasiyası və yeni səhnə meyilləri”, “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma”, “Müasir rejissurada yeni təmayüllər”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzuları üzrə müzakirələr aparıldı.

Tədbirdə yeni teatr formalarının tətbiqi üçün istedadlı, bacarıqlı və yeni meyillərə adekvat truppaların yaradılması məsələsi də diqqət mərkəzində oldu. Hər teatrda rejissorlar üçün yaradıcılıq studiyalarının fəaliyyət göstərməsinin əhəmiyyətli olacağı vurğulandı.

Çıxışlarda teatrların repertuar siyasəti, müasir rejissura, idarəetmə sistemi, eləcə də aktyorların rifah halının yaxşılaşdırılması, sənət ocaqlarının maddi-texniki bazaları mövzularına ayrıca yer verildi. Kadr siyasəti, dramaturqlarla iş, ümumən cəmiyyətdə teatra münasibət ətrafında teatr ictimaiyyəti üçün maraqlı görünən fikirlər səsləndirildi. Qeyd olundu ki, yeni kadrlar yetişdirməklə yanaşı, mövcud kadrlardan necə istifadə etmək barədə də düşünmək lazımdır. Bundan əlavə, teatr sahəsində yeni iqtisadi yanaşma da formalaşmalıdır. Teatr yaradıcı sənayenin bir hissəsi olaraq ölkə iqtisadiyyatının vacib bir hissəsinə çevrilməlidir.

 

Azərbaycan kinosu: reallıq, çağırışlar və hədəflər

 

2023-cü il həm də Azərbaycan kinosu üçün əlamətdar idi. 125 yaşı qeyd olunan kinomuzun müasir dövrdə vəziyyəti və inkişaf istiqamətlərinin müzakirə edildiyi forum keçirildi. “Heydər Əliyev İli” çərçivəsində reallaşan forum “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunu əhatə edirdi.

20-21 aprel tarixlərində Heydər Əliyev Mərkəzinin ev sahibliyi etdiyi tədbirdə "İdeologiya. Milli kino: dünən, bu gün və sabah", "Mədəniyyət siyasətində kinonun rolu", "Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi", "Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri", “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri”, “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma”,  “Satış potensialı az olan filmlər üçün dəstək sistemi”, “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”, “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi”, "Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyatı modelinə keçid", "Beynəlxalq kino kontekstinə inteqrasiyanın mexanizmləri", “Xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri" mövzularında müzakirələr aparıldı. Qeyd olundu ki, yerli film festivalları da ümumi inkişafa töhfə verə bilər. Eyni zamanda kino sahəsində qonşu ölkələrlə münasibətlərin qurulması əhəmiyyətli olar.

Forumda “Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?”, “Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?” kimi suallara cavab axtarıldı. Bundan əlavə, bu il fəaliyyətə başlamasının 100 illiyi qeyd edilən “Azərbaycanfilm” kinostudiyasının gələcək perspektivləri də gözdən keçirildi.

 

Azərbaycan Dili və Ədəbiyyatı Forumu

 

1-3 sentyabr tarixlərində ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu gerçəkləşdi. Ədiblər diyarı Şamaxıda keçirilən və Bakıda davam edən forumda “Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunluğu və dilin inkişaf etdirilməsi mexanizmləri”, “Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası", "Azərbaycan ədəbiyyatı Azərbaycan dilinin qoruyucusu kimi: dünən, bu gün, sabah", "Müasir ədəbi mətnlərin nitq mədəniyyətinə təsiri imkanları", "Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi", "Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması" və "İnternet məkanında Azərbaycan dilinin funksionallığı" kimi mövzular üzrə filoloq alimlərin iştirakı ilə panel müzakirələri təşkil olundu.
Forumda dil və ədəbiyyatın sənətdə təcəssümü, qarşılıqlı əlaqə və təsirlər diqqət mərkəzinə çəkildi. "Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana", "Müasir Azərbaycan dramaturgiyası və onun problemləri", "Azərbaycan ədəbiyyatında teatr və kino platforması", "Mütaliə və tamaşaçı mədəniyyətinin formalaşmasında medianın rolu", "Kino sənətində dil və tərcümə problemləri", "Ədəbiyyatın cəmiyyətə çatdırılması metodikası: beynəlxalq təcrübədə bu istiqamətdə tətbiq olunan innovasiyalar", "Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti", "Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu" və digər mövzularda aparılan müzakirələr maraqla qarşılandı.

 

Musiqi daşları gətirər dilə...

 

Musiqi mədəniyyətimizin problemləri və inkişaf məsələləri də bu il diqqət mərkəzində oldu. 29-31 oktyabr tarixlərində paytaxtımızdakı “Gülüstan” Sarayında Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi təşkilatçılığı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə ilk dəfə Musiqi Forumu keçirildi.

Üç gün ərzində “Azərbaycanda musiqi təhsili: bəstəkarlıq və ifaçılıq məktəbləri”, “Ölkədəki musiqi təhsili sisteminin nailiyyətləri və çətinlikləri”, “Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında”, “Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları”, “Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri” və “Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri” və s. mövzularda çıxışlar dinlənildi, fikir mübadiləsi aparıldı.

Forumda muğam sənəti, aşıq musiqisi ənənələrinin canlandırılması yolları, eləcə də milli musiqi sənayesinin inkişaf məsələləri, milli mədəni ənənələrin qlobal miqyasda təbliği mövzuları üzrə də müzakirələr oldu.

 Beləcə akademik musiqinin təqdimatında yeni çağırışlar, multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri: hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış mövzuları diqqət mərkəzinə gətirildi.

Forum günlərində “Azərbaycan musiqişünaslığı araşdırmalar kəsişməsində” mövzusunda da ayrıca panel iclası keçirildi.

Beləliklə,  “Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika”, “Mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu”, “Azərbaycanda musiqi tənqidi və jurnalistikası: mövcud problemlər” və “Müasir dövrdə musiqi sosiologiyası” mövzuları üzrə çıxışlar dinlənildi.

Xoreoqrafiya sənəti, onun tədrisi, ayrı-ayrı istiqamətləri üzrə vəziyyəti  “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” mövzusunda əhatəli araşdırıldı.

 “Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət”, “Rəqs təbliğatı infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər”, “Rəqqas peşəsinə yönləndirmə: təhsil, karyera imkanları, sosial təminat mexanizmləri”, “Uşaq rəqs studiyaları, rəqs təlimi” kimi aktual mövzular müzakirəyə çıxarıldı.

 

Zəngin proqramlı “Yaradıcı həftə”

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək daha bir irihəcmli tədbir – “Yaradıcı həftə” keçirildi. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar reallaşan layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqi idi.

Zəngin proqramı olan “Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu təşkil olundu. Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə keçirilirdi.

Forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “MY EXPO – 2023” sərgisi təşkil olundu. “Yaradıcı müzakirələr” (“Creative Talks”) forumun yaddaqalan tədbirlərindən oldu. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüs idi, yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlmişdi. Layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə noyabr və dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,  Şamaxı, Şuşa) müxtəlif səpkili tədbirlər – seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər keçirildi.

Nizami Kino Mərkəzində “CulTech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları (proqramçıların layihə marafonu) gerçəkləşdi.  

“Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” mobil film festivalı gerçəkləşdi. Festival Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasına xidmət edirdi.

“Yaradıcı həftə” ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ali məktəblərdə film nümayişləri keçirildi. Məqsəd gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tanıtmaq idi. Aksiya müddətində “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpiya” tammetrajlı bədii, “Sarılar – Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü” və “Qafqaza qayıdış” sənədli filmlərinin ADA Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində nümayişi reallaşdı.

“Yaradıcı həftə” eyni zamanda Türk dünyasını bir araya gəyirən Yumor festivalı ilə yadda qaldı. Festival Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın (RF) yumor dünyasının nümayəndələrini bir araya gətirdi.

YARAT Müasir İncəsənət Məkanında təşkil olunan “Gəl, yarat” yaradıcılıq marafonu, Nizami Kino Mərkəzində ABŞ-nin “Disney” studiyasının 100 illiyi münasibətilə keçirilən tədbir də “Yaradıcı həftə”yə öz möhürünü vurdu.

 

Xalqlar daha çox mədəni irsi ilə tanınır...

 

Mədəni irs hər xalqın mənəvi kimliyinin vacib elementidir. Hər hansı bir ölkəyə səyahət edəndə ilk növbədə həmin xalqın qədim mədəni mirası ilə maraqlanırıq. Yola salmağa hazırlaşdığımız ilin yaddaqalan mədəniyyət hadisələrindən biri də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 18-19 dekabr tarixlərində ölkəmizdə ilk dəfə keçirilən Mədəni İrs Forumu oldu.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda “Təsviri  sənət və müasir çağırışlar”, “Təsviri sənət sahəsində təhsil”, “Azərbaycan təsviri sənətinin inkişafı: müasir dövr və dünyada tanıdılması yolları”, “Rəqəmsal incəsənət. Süni intellekt”, “Təsviri sənət və biznes” kimi cəlbedici, özlüyündə bizi məsələnin mahiyyətinə varmağa səsləyən maraqlı mövzular seçilmişdi.

Mədəni İrs Forumunun gündəliyinə çıxarılan əsas məsələlərdən biri də qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar ətrafında idi. Bundan əlavə, “Dekorativ-tətbiqi sənət nümunələri və müasir bədii ifadə formaları”, “Qeyri-maddi mədəni irs yaradıcılıq və innovasiyaların əsası kimi: iqtisadi və sosial aspekt”, “İtirilməkdə olan sənət növləri və ənənələrin ötürülmə mexanizmləri”, “Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri beynəlxalq siyahılarda” mövzuları ətrafında mütəxəssislərin çıxışları dinlənildi. Onların zaman-zaman diqqətə çatdırdıqları statistik məlumatlar sahə haqqında müəyyən təəssürat yaratmış oldu. “Azərbaycanda daşınar mədəni irs. Muzey işi və müasir çağırışlar” mövzusu üzrə müzakirələrdə bu sahədə problemlərin həlli istiqamətində atılmalı olan addımlarla bağlı təkliflər səsləndirildi.  

Eyni zamanda forumda dünya muzeylərində qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrinin müəyyən edilməsi, öyrənilməsi və atribusiyası, mədəni sərvətlərin idxalı və ixracı, muzeylərin maddi-texniki bazasının gücləndirilməsinin əhəmiyyəti qeyd olundu.

İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq İşğal və Zəfər muzeyləri, həmin torpaqlarda memarlıq və şəhərsalma, “ağıllı şəhərlər”, eləcə də “Böyük Qayıdış” proqramının reallaşdırılması kimi məsələlərdə forumda müzakirə mövzusu oldu.

Memarlıq abidələrinin qorunması və istifadəsində müvafiq dövlət qurumları ilə yanaşı ayrı-ayrı insanlarında əhalinin sosial məsuliyyəti, dövlət və özəl tərəfdaşlıq” kimi spesifik istiqamətlər də diqqətdən kənarda qalmadı.

“Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması” mövzusuna həsr olunan panel vasitəsilə “Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni irsi işğaldan əvvəl və sonra”, “Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən abidələrin monitorinqi və bununla bağlı çətinliklər”, “Qərbi Azərbaycan ərazisində xalqımızın tarixi və mədəni irsinin qorunması, tədqiqi və mühafizəyə götürülməsinin təmin edilməsi”, “Mədəni sərvətlərin qorunması haqqında beynəlxalq konvensiyaların tətbiqi məsələləri”  və digər mövzulara da nəzər salındı, fikir mübadiləsi aparıldı.

Qısa xatırlatmadan da göründüyü kimi, beş forum və “Yaradıcı həftə” ölkəmizdə müvafiq sahələr üzrə alim və mütəxəssislərin bir araya gəlməsinə, mövcud problemlərin gündəmə gətirilməsinə və çıxış yollarının ifadəsinə şərait yaratdı. Mədəniyyətin müxtəlif sahələrinə kompleks yanaşmanın ortaya qoyulduğu forumlarda səsləndirilən təkliflər təhlil ediləcək və Azərbaycanın yeni mədəniyyət strategiyasında nəzərə alınacaq.

Həmidə Nizamiqızı