Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Sərgidə Azərbaycanın görkəmli şəxslərinin müdrik kəlamları, mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycan diasporunun təşəkkülü, fəaliyyət tarixi və digər mövzularda, ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan azərbaycanşünaslıq, azərbaycançılıq ideologiyası və başqa mövzularda Azərbaycan və digər dillərdə kitablar nümayiş olunub.

Virtual sərgi ilə http://anl.az/el/vsb/  linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, 31 dekabr 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçiriblər. Onilliklərlə bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə milli həmrəylik aksiyası kimi düşüb. İki il sonra Azərbaycan Ali Sovetinin qərarı (25 dekabr 1991) ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.