Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabrın 28-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Unudulmaz lider – 100” adlı fotoxalça sərgisi və “Xilaskar” tamaşasının nümayişi keçirilib.
Tədbirdə çıxış edən NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə böyük qürur və bayram əhval-ruhiyyəsində qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən ilin son həftəsi muxtar respublikada “Heydər Əliyev həftəsi” elan olunub.
“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov deyib ki, sərgidə Ümummilli liderə məxsus fotoların əks olunduğu 44 xalça nümayiş olunur.
NMR Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev Heydər Əliyevin adı ilə şərəflənən 2023-cü ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.
Sonra tədbirin iştirakçıları yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar.
“Xilaskar” tamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin, qurtuluşa aparan yolda xalqımızın yaşadığı tarixi gerçəkliyin, Ümummilli liderin xilaskarlıq missiyasının səhnə həllidir. Xalq artisti Kamran Quliyevin quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı NMR-in Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Səhnə əsərində Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Əməkdar artistlər Əbülfəz İmanov, Behruz Haxverdiyev, Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova və digər aktyorlar rol alıb. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.