Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-19 dekabrda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəni İrs Forumu keçirildi. Ölkəmizdə ilk dəfə təşkil olunan Mədəni İrs Forumu Bakı şəhərinin gözoxşayan məkanlarından “Gülüstan” Sarayında baş tutdu.
Azərbaycan mədəniyyətinin əsas sahələrini əhatə edən forumda respublikamızın məşhur memar, rəssam, heykəltaraş, tarixçi-arxeoloq, aktyor və sənətşünas mütəxəssisləri, eyni zamanda gənc tədqiqatçılar və sənətsevərlər iştirak edirdilər. İki gün davam edən forumda milli-mədəni irsin yaşadılması, inkişafı, öyrənilməsi və təbliği, maddi və qeyri-maddi irsimizə, o cümlədən tarixi abidələrə dövlət dəstəyi və digər mühüm məsələlər müzakirəyə çıxarılmışdı.
Forumun birinci günü “Təsviri sənət və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, ikinci günü isə “Azərbaycanın daşınmaz tarixi – mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması” və “Mədəni irs və müasir memarlıq – şəhərsalma prinsipləri” adlı panellərdə müvafiq mövzular üzrə çıxış və müzakirələr aparıldı.
Muzey əməkdaşlarının da iştirak etdiyi “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar” adlanan panel iclası Azərbaycanda muzey işinin müxtəlif sahələrinin əhatə edilməsi və qarşıda yeni hədəf və vəzifələrin qoyulması baxımından muzeyşünas mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb edirdi. Heydər Əliyev Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayevanın moderatorluq etdiyi bu paneldə dünya muzeylərində qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrinin müəyyən edilməsi, öyrənilməsi və atribusiyası, mədəni sərvətlərin idxalı, ixracı və tranziti qaydaları, muzey fondlarının qorunmasında bərpa və konservasiya məsələləri, müasir dövrdə muzeylər, muzeylərin maddi-texniki bazasının gücləndirilməsi və Heydər Əliyev Mərkəzinin muzey və sərgi fəaliyyəti istiqamətlərində çox maraqlı və maarifləndirici çıxışlar oldu.
Panelin ilk məruzəçisi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova öz çıxışında Azərbaycan mədəni irsinin dünyanın bir çox muzeylərində saxlanılan zəngin nümunələrinin müəyyən edilməsi, öyrənilməsi və atribusiyası, onların Azərbaycan xalqına məxsus olmasının sübuta yetirilməsi sahəsində görülən işlərdən danışdı və bu istiqamətdə bir çox dünya muzeyləri, o cümlədən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və İstanbulda Türk İslam Əsərləri Muzeyi ilə əməkdaşlıqların hələ də davam etdirildiyini bildirdi. O, həmçinin bu il Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində keçirilən “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” adlı sərginin bu sahədə görülən mühüm işlərdən biri olduğunu vurğuladı.
Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsi Muzey və daşınar mədəni irs sektorunun müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı mədəni sərvətlərin idxalı, ixracı və tranziti məsələləri ilə bağlı vacib məqamlara aydınlıq gətirdi və qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə mədəni sərvət sayılan hər bir əşyanın ölkədən kənara çıxarılması qaydaları qanunla tənzimlənir. Məruzəçi həmçinin bildirdi ki, mədəni sərvətlərimizin qorunması yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın vəzifəsi olmalıdır.
Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri Əməkdar rəssam, ali dərəcəli bərpaçı-rəssam Natiq Səfərov öz çıxışlarında bərpaçılıq sənətinin incəsənətin mühüm sahələrindən biri olduğunu vurğulayaraq bu sahəni çətin və maraqlı bir sənət növü kimi xarakterizə edərək Azərbaycanda peşəkar bərpaçı rəssamlara böyük ehtiyac duyulduğunu qeyd etdilər.
Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov Azərbaycanda mədəni irsin qorunması, təbliği və bərpa edilməsi sahəsində Heydər Əliyev Fondunun gördüyü işlərdən söz açdı.
Panelin sonuncu məruzəçisi İşğal və Zəfər muzeylərinin təşkili üzrə kreativ direktor, italyan ekspert Fabrisio Konti öz çıxışında Qarabağ və Şərqi Zəngəzur bölgəsində İşğal və Zəfər muzeylərinin yaradılmasının vacib olduğunu bildirdi. O, azad olunmuş ərazilərdə qurulacaq muzeylərin ilk növbədə işğalın acınacaqlı nəticələrini, vandalizmə məruz qalmış və dağıdılmış mədəni irsimizin görüntülərini əks etdirəcəyini qeyd etdi. Məruzəçi işğal olunmuş ərazilərin illər boyu məskunlaşmamış halda viran qaldığını və dağıntıların insanı dəhşətə gətirən mənzərələr olduğunu bildirdi.
Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev erməni işğalından azad olunmuş əzəli torpaqlarımızda yerlə yeksan edilmiş tarixi-mədəni mirasımızın əbədiləşdirilməsi və bütün dünyaya nümayiş etdirilməsi üçün muzey komplekslərinin yaradılması ilə bağlı göstərişlər verib. F.Konti çıxışında qeyd etdi ki, bu cür muzey kompleksləri Azərbaycan xalqının öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Ordumuzun qazandığı möhtəşəm Qələbəni gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran bir informasiya mərkəzləri olacaq.
Qeyd edək ki, 2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Ağdamda, 2022-ci il mayın 26-da Zəngilan şəhərində, 2023-cü il mayın 28-də Laçın şəhərində İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimləri keçirilib. Açıq səma altında salınacaq muzey komplekslərinə adıçəkilən şəhərlərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park, əsgər və hərbi qulluqçularımızın qəhrəmanlıqlarını əks etdirən müasir üslublu muzey binası, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirən xatirə lövhəsi, Bayraq meydanı və Zəfər arenası adlanan hissələr daxildir.
İşğal muzeylərində Ermənistanın mənfur işğalçılıq siyasəti, ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Kəlbəcər və Zəngilanda meşələrə, çaylara, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq.
İşğal və Zəfər muzeyləri Azərbaycan xalqının qürur mənbəyinə çevrilən şanlı Qələbəmizin gələcək nəsillərə çatdırılması və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır. Arzu edirik iki, Ağdam, Zəngilan və Laçınla yanaşı, digər azad edilmiş rayon mərkəzlərində İşğal və Zəfər muzeyləri yaradılsın. Bu ərazilərdə belə muzeylərin yaradılması üçün kifayət qədər maddi və qeyri-maddi mədəni resurslar mövcuddur. Erməni vandallarının yerlə yeksan etdikləri tarixi abidələrin, yerli memarlıq üslubunda tikilmiş mülklərin, məscidlərin, müxtəlif mədəniyyət və təhsil ocaqlarının mövcud vəziyyəti bu bölgələrdə açıq səma altında muzeylərin qurulması üçün zəmin yaradır.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində həyata keçirilən layihələr sırasında tarixi-mədəni abidələrimizin bərpası da mühüm yer tutur. Bu sahədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən işlər xüsusilə diqqətəlayiqdir. Ümid edirik ki, tezliklə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Şuşa filialının binasında da təmir işləri sona çatacaq və muzeyin öz doğma məkanında fəaliyyəti bərpa ediləcək...
İki gün davam edən Mədəni İrs Forumu bir daha göstərdi ki, Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin həqiqi himayədarı olub, onun inkişafına, tarixi-mədəni irsimizin, incəsənətimizin dünyada tanınması və təbliğinə öz diqqət və qayğısını əsirgəməyib. Forum çərçivəsində Azərbaycan mədəniyyətinin bugünkü reallıqları və gələcək perspektivləri müzakirə obyektinə çevrildi, eyni zamanda mədəniyyət, incəsənət, o cümlədən muzeyşünas mütəxəssislərin qarşısında yeni məqsəd və vəzifələr qoyuldu.
Gülnar Əqiq
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru