Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı təqdim olunub.
Konsertdən öncə çıxış edən universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov rektor Gülçöhrə Məmmədovanın təbriklərini çatdırıb və qeyd edib ki, bu bayram əvvəlki illərdən daha əlamətdardır. Bu il xalqımız ilk dəfə əlamətdar bayramı ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etmiş vəziyyətdə qarşılayır.
Prorektor son illər AzMİU-da tədrisin inkişafı üçün görülən işlərdən, universitetin artan elmi potensialından və uğurlu beynəlmiləlləşdirmə siyasətindən danışıb və tələbələri daha da aktiv olmağa, inkişaf edən ölkəmizin tələblərinə uyğun mütəxəssislər kimi yetişməyə səsləyib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev isə AzMİU-da yaradılan sağlam mühitə diqqət çəkib. Prorektor tələbələr üçün yaradılan sərbəst və müasir universitet mühitinin gənclərin inkişafına xidmət etdiyini deyib.
Sonra TGT-yə dəstəyinə görə bir qrup əməkdaş diplom və sertifikatlarla, ictimai aktiv fəaliyyətləri ilə fərqlənən tələbələr isə fəxri fərmanlarla təltif olunublar.
Daha sonra konsert proqramı təqdim edilib.