Yanvarın 7-dən Türkiyənin “TRT Türkü” radiosunda “Azərbaycan rüzgarı” proqramı yayımlanacaq. Proqramda Azərbaycanın xalq mahnıları və muğamlarımız səsləndiriləcək.
Bu barədə layihənin müəllifi, azərbaycanlı telejurnalist Səidə Ömər məlumat verib. Bildirilib ki, Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır və çox sevilir. Eyni zamanda türkiyəli sənətçilərin ifalarında tez-tez səslənir. Proqram çərçivəsində Azərbaycan ədəbiyyatından şeirlər səsləndiriləcək, valehedici coğrafiyamız və zəngin mədəniyyətimiz haqqında da məlumat veriləcək, tarixi günlərimiz yad ediləcək.
Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə TRT media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, proqram hər həftənin hər bazar günü saat 23:30-da (Bakı vaxtilə 00:30) yayımlanacaq.
Xatırladaq ki, Səidə Ömərin müəllifi olduğu "Azərbaycan ruzgarı" verilişi 2018-2023-cü illərdə Türkiyənin “Bengü” və “Ulusal” telekanallarında yayımlanıb.