AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Osmanlı müfəssəl dəftəri”nin nəşrində Ziya Bünyadovun rolu” mövzusunda konfrans keçirilib. Konfrans görkəmli şərqşünas-alim, tarixçi, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun (1923-1995) anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunub.
Tədbirdə institutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, professor Tahirə Həsənzadə “İrəvan əyalətinin icmal dəftərləri” və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Rəna Məmmədova “1725 – 1727-ci illərdə Gəncə-Qarabağ əyalətlərində Osmanlı vergi sisteminin tətbiqi (“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” əsasında)” mövzularında məruzə ilə çıxış ediblər.
Konfransda həmçinin Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin “Naxçıvan sancağının müfəssəl dəftəri” Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nailə Səmədovanın “Ziya Bünyadov xatirələrdə”, Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Ziya Bünyadovun “Qırmızı terror” əsəri” mövzularında məruzələri dinlənilib.
Çıxışlarda akademik Ziya Bünyadovun Azərbaycanda şərqşünaslıq, tarixşünaslıq, mənbəşünaslıq və dinşünaslıq elminin inkişafında xidmətlərindən, onun ictimai xadim kimi cəmiyyətimizdəki rolundan bəhs edilib, alimin sağlığında bir elmi məktəb yaratdığı vurğulanıb.