İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) kitabxanasının açılışı və Özbəkistanda nəşr olunmuş “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar silsiləsinin təqdimatı mərasimi keçirilib.
TDT-nin Katibliyində keçirilən mərasimdə təşkilata üzv ölkələrin nümayəndələri iştirak ediblər.
Təşkilatın baş katibi Kubanıçbek Ömüraliyev və Özbəkistan Prezidentinin müşaviri, yazıçı Hayriddin Sultanov çıxış edərək türk xalqlarının ədəbi irsinin təbliği və qorunub saxlanılması istiqamətində həyata keçirilən layihələrdən söz açıblar.
Türk dünyasının klassik və müasir ədiblərinin, o cümlədən Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin daxil olduğu 100 cildlik TDT kitabxanasının fonduna daxil edilib, habelə Türkiyənin Prezident Kitabxanası və universitetlərin kitabxanalarına hədiyə olunub.
Tədbir iştirakçıları bu qiymətli əsərlər toplusunun nəşrinə görə TDT-yə sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin 2019-cu ildə imzaladığı sərəncam əsasında nəşr olunmuş 100 cildlik “Türk ədəbiyyatının inciləri” toplusunun 16 cildi Azərbaycan ədəbiyyatını əhatə edir. Burada 183 azərbaycanlı müəllifin əsərləri yer alıb.