Fabrisio Konti: “Ağdamdakı İşğal muzeyində əsas diqqət şəhərin, Şuşada mədəniyyətin, Zəngilanda isə təbiətin məhvinə yönəldiləcək”

 

2023-cü ilin 18-19 dekabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Bakıda keçirilən Mədəni İrs Forumu çərçivəsində italiyalı ekspert, fotoqraf Fabrisio Kontinin müəllifi olduğu “Agdam Delenda est” (“Ağdam dağıdılmalıdır”)  kitab-albomunun təqdimatı gerçəkləşdi.

Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin fotolarının  yer aldığı nəşr işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

F.Konti azad olunmuş digər ərazilərimizdə İşğal və Zəfər muzeylərinin yaradılması layihələrində kreativ direktor, ekspert kimi xeyli müddətdir Azərbaycanda çalışır. Forumda “İşğaldan azad olunmuş ərazilərdə muzeylərin bərpası. İşğal və Zəfər muzeyləri” mövzusunda çıxış etdi. İtaliyalı mütəxəssis hazırda Laçın, Kəlbəcər və Zəngilanda İşğal və Zəfər muzeylərinin yaradılması istiqamətində işlərlə məşğuldur.

 

– Cənab Konti, öncə Azərbaycana gəlişiniz və burada fəaliyyətə başlamağınız barədə danışardınız...

– Bakıya ilk dəfə dörd il əvvəl gəlmişdim. O zaman Mədəniyyət Nazirliyi tərəfindən Bakıdakı Muzey Mərkəzinin modernləşməsi üzərində iş aparılacaqdı. 2020-ci ildə pandemiya səbəbindən bu işlər dayandırıldı. Sonra müharibə başlandı. 44 günlük müharibə bitəndən iki ay sonra biz artıq Bakıda yox, Qarabağda tarixi-mədəni irsin bərpası ilə bağlı nazirlikdən növbəti təklif aldıq. 2021-ci ilin yanvarında Ağdama getdik. Ağdam mənim üçün ruhlar şəhəri kimi yadda qalıb. Şəhərdə canlı heç bir şey yox idi. Yalnız bir neçə yerdə ağac (nar) və koldan savayı heç nə görmədik. Hətta heç bir heyvana belə rast gəlmədik. Bura mənə görə dağıntılar səhrası idi. Adətən müharibədən sonra biz nə görürük? Binaların bəzisi dağıdılır, bəzisi qalır. Amma Ağdamda tam halda qalan bir bina da yox idi. Nə damı, nə də pəncərəsi...

 

– Bütün bunlar sizdə hansı təəssüratı yaratdı?

– Bu hal məni çox mütəəssir etdi. Bir millət işğal etdiyi ərazini 30 il öz nəzarətində saxlayıb, amma orada, bir gün də olsun, yaşamayıb. Heç bir binanı istifadə etməyib, yararlanmayıb. Sizə deyim ki, təxminən 2 min il əvvəl Roma imperiyası dövründə bir şəhəri (Karfagen – red.) məhv edib Yer üzündən silmək üçün onlar həmin əraziyə duz tökmüşdülər. Çünki duz heç nəyin yetişməyinə imkan vermir. Onlar bunu etməklə şəhərin tamamilə məhv edildiyi mesajını vermişdilər. “Carthago delenda est” (“Karfagen Yer üzündən silinməlidir”) ifadəsi belə yaranıb. Mən də hazırladığım albom-kitabın adını burada baş vermiş barbarlığı ifadə etsin deyə “Agdam delenda est” qoydum.

 

– 44 günlük müharibədən öncə Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatınız vardımı?

– Düzünü deyim, 2016-cı ilədək mən bu haqda heç nə eşitməmişdim. 2016-cı ildə bilib eşitdiyim bu idi ki, Qafqazda problemli bir ərazi var. Amma tam olaraq bilmirdik. Avropada bu haqda demək olar ki, danışılmırdı...

 

– Bəs indi necə?

– Hazırda çox şadam ki, bu məsələnin İtaliyada və Avropada tanınmasında az-çox mənim də fəaliyyətim var. Ona görə yox ki, mən Azərbaycanı və azərbaycanlıları sevirəm. Əsas ona görə ki, mən bu dəhşətləri, oradakı ekogenosidi, mədəni irsin məhvini öz gözlərimlə gördüm. Bu hadisənin dünyada tanıdılması və təbliğində, az da olsa, töhfəm varsa, bununla fəxr edirəm. Kitab-albomun işıq üzü görməsi ilə mən bu mədəni irsin dağıdılması faktını dünyaya çıxara bildim.

 

– Nəşrin beynəlxalq təqdimatı olubmu?

– 2024-cü ilin əvvəlində İtaliyanın bir sıra şəhərlərində təqdim olunacaq. Eyni zamanda Azərbaycan səfirliyinin köməkliyi ilə Vatikanda təqdim etməyi planlaşdırırıq. Artıq Nyu-York və Vaşinqtonda təqdimatlar olub.

 

– Bir az da Zəfər və İşğal muzeyləri layihəsindən danışaq. İlk baxışdan layihəni necə gördünüz və hazırda işlər nə yerdədir?

– İlk dəfə Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşaya gedəndə məndə belə bir fikir yarandı ki, biz bu dağıntını qorumalıyıq. Azərbaycan tərəfi də tarixin bu mərhələsini gələcək nəslə ötürmək istəyində idi. Şəhərin mərkəzində dağıntılar qoruq kimi saxlanılacaq. Biz istəyirik ki, gələcək nəsillər bu dağıntını görüb onunla “danışa” bilsinlər. Hər bir dağıntının QR kodu olacaq və onun vasitəsilə dağıntı onlara öz tarixini “danışacaq”. Eyni zamanda düşündük ki, muzeylərin quruluşu iki hissəyə bölünsün. Sağ və sol hissələr. Bir tərəfdə işğal bir tərəfdə zəfər muzeyi olsun. İnsanlar bir tərəfdən digərinə keçiddə bu hadisələrin şahidi olan insanların müsahibələrini dinləyib görəcəklər. İki muzey və bir parkdan ibarət olacaq layihə memorial kompleks adlanır. Biz bunu şəbəkə kimi nəzərdə tutduq. Hər şəhərdə bu komplekslər yaradılacaq. Amma hər birində məzmun olaraq dəyişəcək. Məsələn, Ağdamda şəhərin məhvi, Şuşada mədəniyyətin məhvi, Zəngilanda isə təbiətin məhvi məzmunu önə çəkilib.

 

– Muzeylərin dizaynı hansı əsaslarla müəyyənləşir?

– Qısa deyim ki, məsələn, Ağdam muzeyinin içindəki yol adi yol deyil. Bura labirint şəklində qurulub. Bu labirintdə Xocalıdan çıxan insanların çəkdiyi əziyyət əks olunur.

 

– Artıq dörd ildir Azərbaycana gəlib-gedirsiniz? Forumda da dediniz ki, Romadan daha çox Qarabağda olursunuz. Azərbaycan mədəniyyəti ilə tanışlığınız hansı səviyyədədir?

– İtalyanlarla azərbaycanlılar bir-birinə çox bənzəyir. Mədəniyyətiniz mənə çox yaxın gəlir. Mətbəximiz də yaxındır. Buna görə də Azərbaycana gələndə heç bir çətinliyimiz olmur. Bizim bir-birimizə qəribə bir duyğumuz var. Hətta dili bilməsək belə, çox istiqanlı və sevgi ilə ünsiyyət yarada bilirik. Çox şadam ki, “Heydər Əliyev İli” çərçivəsində  Albaniyanın paytaxtı Tiranada keçirilən mədəni tədbirin təşkilatçısı oldum. Bu zaman Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olub böyük zövq aldım.

 

– Nə vaxtdan muzeylərin təşkili sahəsində çalışırsınız?

– 19 yaşımdan arxeologiya elmi ilə maraqlandığım üçün dalğıclıqla məşğul idim. Həmişə arxeoloq-tarixçi olmaq istəmişəm. Tarixçi və arxeoloq olmasam da, yaxşı dalğıc idim deyə arxeoloji komandaya dənizin dibindən qalıqları tapıb fotolarını çəkməyə kömək edirdim. Peşəm marketoloqdur. 10 il əvvəl belə qərara gəldim ki, marketinqdə öyrəndiklərimi mədəniyyət sahəsinə, muzey işinə yönəldim.

 

– Bu gün muzeylər üçün əsas tələb nədir?

– Hazırda ən vacib tələb dildir. İnsanlarla ünsiyyət qurmaq üçün dil vacibdir. Pandemiyadan sonra onlayn fəaliyyətdə də əsas budur.

 

– Zəfər və İşğal muzeylərinin açılışı nə vaxta nəzərdə tutulur?

– Düşünürəm ki, birinci Ağdamda, yaxud da Füzulidəki muzey kompleksləri hazır olacaq. 2024-cü ilin sonunu gözləyək.

 

– Müsahibə üçün vaxt ayırdığınız üçün təşəkkür edirəm.

 – Siz sağ olun.

Lalə Azəri