Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən Aşqabadda “Azərbaycan milli mətbəxi və musiqisi” adlı tədbir keçirilib.
Səfirlikdən bildiriblər ki, tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan milli mətbəxi və musiqisi, eləcə də Azərbaycan-Türkmənistan münasibətlərinə dair qonaqlara məlumat verib və tədbir iştirakçılarını Yeni İl münasibətilə təbrik edib. 2023-cü ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan səfir Qismət Gözəlov bu gün üçrəngli Bayrağımızın müstəqil Azərbaycanın bütün suveren ərazilərində əzəmətlə dalğalandığını qeyd edib.
Tədbirdə Türkmənistan XİN-nin Protokol İdarəsinin rəisi Nurmuhammet Berdiyev, Türkmənistanda akkreditə olunmuş ABŞ, Türkiyə, Rusiya, Pakistan, Yaponiya başda olmaqla xarici diplomatik missiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə iştirak edən səfirlər çıxış edərək, təbriklərini çatdırıb, ölkəmizə və Azərbaycan xalqına xoşbəxtlik, rifah və tərəqqi arzulayıb.
Ziyafətdə milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdim olunub. Azərbaycan milli musiqi nümunələri səsləndirilib. Eyni zamanda, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan”
brendinin məhsulları nümayiş etdirilib və qonaqlara təqdim olunub.