Qarabağ müharibəsində qəhrəmancasına həlak olan hərbçilərimizin övladlarının bir qrupu Yeni il tətili günlərində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə İçərişəhərdəki “Ədibin Evi”ni ziyarət ediblər.
Məktəblilər burada 1929-1940-cı illərdə yaşamış görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın həyat və yaradıcılığı ilə tanış olub, Azərbaycan ədəbiyyatında hekayə janrı barədə müzakirə aparıb, özlərini kiçik hekayə yazılışında sınayıblar.
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, məktəblilərin valideynləri Vətən uğrunda canlarından keçərək müasir Azərbaycanın ən şanlı tarixi hekayəsini yazdılar. Yeni tariximizin uğurlarını davam etdirmək missiyası indi onların övladlarına keçir. Məktəblilər bu il Azərbaycanın həyatında baş verəcək əhəmiyyətli hadisə – iqlim dəyişikliyinə həsr edilən mötəbər COP29 beynəlxalq tədbiri barədə də öyrənib, Prezident İlham Əliyevin 2024-cü ili elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” barədə müzakirə aparıblar.
Seminar iştirakçıları qruplara bölünərək Çin təqvimi ilə bu ilin rəmzi olan “Əjdaha” barədə məzəli hekayə və illüstrasiyalar üzərində işləyiblər. Bütün iştirakçılar “Ədibin Evi”ndən xatirə hədiyyələri ilə ayrılıblar.