Ötən il dövlət başçısının sərəncamına əsasən, Talıbzadələr nəslinin nümayəndəsi, görkəmli ədəbiyyatşünas-tənqidçi, pedaqoq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Kamal Talıbzadənin (1923-2006) 100 illik yubileyi müxtəlif tədbirlərlə geniş qeyd olundu. Alimin yubileyi ilə bağlı tədbirlər bu il də davam edir.
Yanvarın 10-da Muzey Mərkəzinin akt zalında “Məni Şaiqdən ayırmayın! Kamal Talıbzadə” adlı tədbir keçiriləcək.
Abdulla Şaiqin Mənzil-Muzeyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbir Kamal Talıbzadənin mədəniyyət xadimi, həmin muzeyin yaradıcısı kimi fəaliyyətinə həsr olunub.
Qeyd edək ki, böyük maarif xadimi, yazıçı, şair Abdulla Şaiqin ailəsində doğulan Kamal Talıbzadə XX əsr Azərbaycan ədəbi-tənqidi fikrinin öyrənilməsinə mühüm töhfələr verib, çoxsaylı monoqrafiya və kitabların müəllifidir.