Xəbər verdiyimiz kimi, tanınmış müğənni, Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində uzun sürən ağır xəstəliklə bağlı müayinə üçün getdiyi Türkiyənin Ankara şəhərində vəfat edib. Yanvarın 7-də müğənninin cənazəsi Ankaradan Bakıya gətirilib.
Yanvarın 8-də Səttar Bəhlulzadə adına Mədəniyyət evində sənətkarla vida mərasimi keçirilib.
Tabutun önünə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adından əklil qoyulub. Cənazənin ətrafına Mədəniyyət Nazirliyi, digər hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Mərasimdə mədəniyyət nazirinin müavinləri Murad Hüseynov, Səadət Yusifova, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova çıxış edərək Aygün Bəylərin yaradıcılığından danışıb: “Həyatını Azərbaycan musiqi sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bilirdik. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi. Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır. İnanırıq ki, onun ifaları əbədi yaşayacaq. Allah rəhmət eləsin”.
Xalq artisti, bəstəkar Aygün Səmədzadə mərhum sənətkarın vaxtsız dünyadan köçməsinin mədəniyyətimiz üçün ağır itki olduğunu söyləyib: “Bizim onunla çox yaxşı münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Son dəfə konsertindən əvvəl “Tut ağacı” mahnısı ilə bağlı danışmışdıq. Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tuta bilməz”.
Xalq artistləri Mənsum İbrahimov, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Cavanşir Quliyev, Aqil Məlikov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əməkdar artist Rəşad İlyasov, bəstəkar-pianoçu Pikə Axundova və başqaları çıxış edərək Aygün Bəylərin Azərbaycan musiqisinə sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün gördüyü işlərdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mərhumun ailəsi adından çıxış edən Zümrüd Hümbətova bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
Sonra müğənninin cənazəsi son mənzilə yola salınıb. Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.