Yanvarın 8-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsinin baş katibi Jinfeng Ji ilə görüşüb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanın Çinin irəli sürdüyü və ölkəmiz üçün də mühüm iqtisadi əhəmiyyətə malik olan “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini vurğulayıb. Akademik qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçir və bu xüsusda Azərbaycan dünya ölkələri, o cümlədən Çin üçün də mühüm iqtisadi tərəfdaş dövlətlərdən biridir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndiyini bildirən AMEA rəhbəri Zəngəzur dəhlizinin açılmasının Avropa ilə Asiya arasında, eləcə də Çinin Avropa ilə iqtisadi münasibətlərinə müsbət təsir edəcəyini söyləyib. Elmi-mədəni sahədə əməkdaşlıq əlaqələrindən də danışan akademik İsa Həbibbəyli Çin Sosial Elmlər Akademiyasında görüşləri, Çinin aparıcı elm və təhsil ocaqlarının alimləri və gənc tədqiqatçılarına mühazirələr oxuması barədə məlumat verib. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, Mərkəzin koordinatoru Nərgiz Kərimova tərəfindən Çin ədəbiyyatına həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyasının yazıldığını, eləcə də institutda Çin dilinin tədris olunduğunu diqqətə çatdırıb. Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyevin AMEA-nın Çinin elmi qurumları ilə əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini bildirib.
İsa Həbibbəyli AMEA-nın Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsi ilə əməkdaşlıq əlaqəsinin yaradılmasında, birgə elmi konfransların təşkili və qrant layihələrində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsinin baş katibi Jinfeng Ji isə rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təmsil etdiyi təşkilat Çin və Avropa ölkələrində fəaliyyət göstərən elmi müəssisələr və təhsil müəssisələri arasında əlaqələrin qurulmasına yönələn fəaliyyətlə məşğuldur. Həmçinin bildirib ki, komitə Çin alimlərinin dünya alimləri ilə əməkdaşlığını dəstəkləyən kommersiya təşkilatıdır və qurumun fəaliyyəti əsasən xarici alimlərin Çinin dövlət qrant müsabiqələrində, eləcə də Çin alimlərinin beynəlxalq qrant müsabiqələrində iştirakının təşkili, gənc alimlərin dəstəklənməsi və birgə elmi tədbirlərin keçirilməsinə yönəlib. O diqqətə çatdırıb ki, rəhbərlik etdiyi təşkilat və AMEA arasında əməkdaşlıq əlaqələrinin qurulmasından sonra Azərbaycan alimləri üçün də zəruri şərait yaradılacaq.
Daha sonra əməkdaşlıq imkanları müzakirə olunub.
Çinli qonaq AMEA Rəyasət Heyətinin binası ilə tanış olub. Həmçinin qonaq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdindəki Çin Mədəniyyət Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti barədə ətraflı məlumat alıb.