Türkiyə Cümhuriyyəti Mehmet Akif Ərsoy Vəqfinin başqanı Ruyan Soydan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeyin direktoru akademik Rafael Hüseynov qonaqla görüşərək Azərbaycan-Türkiyə ədəbi əlaqələri və muzeydəki Yunus Əmrə ekspozisiyasının yaranmasından danışıb. Hüseyn Cavid yaradıcılığına xüsusi rəğbət və sevgisini bildirən Ruyan Soydan akademik Rafael Hüseynovun ədibin irsinə münasibətini bildikdən sonra söhbətin axarı “Vaxtdan uca”, “Əbədi Cavid”, “Cavidlər” əsərlərinə yön alıb. Nizami muzeyini “böyük bir ibrətlə, heyranlıqla, hətta bir az qısqanclıqla” gəzdiyini deyən Ruyan Soydan buranın “Türk dünyasının bütün ədəbiyyatlarına ev sahibliyi edən bir muzeyə çevrilməsini” diləyib, akademik Rafael Hüseynova təşəkkürünü bildirib.

Muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi Sevinc Heydərova qonaqları ədəbiyyatımızın nadir nümunələri, zəngin ekspozisiya ilə tanış edib.

Sonda akademik Rafael Hüseynov “Əbədi Cavid” kitabını öz imzası ilə, eləcə də muzeyin nəşrlərindən nümunələri qonaqlara hədiyyə edib.