12-18 yanvar tarixlərində Bolqarıstan paytaxtında keçiriləcək 16-cı Sofia Menar Film Festivalının qısametrajlı filmlər proqramına Azərbaycandan “Açar” qısametrajlı bədii filmi salınıb.
Festivalda Yaponiya, ABŞ, İran, Tunis, Misir, Pakistan kimi ölkələrdən filmlər də nümayiş olunacaq.
Premyerası 2023-cü ilin aprel ayında Niderlandda, 14-cü “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında olan “Açar” filmi “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalıdır. Ekran əsəri Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.
Ssenari müəllifi və quruluşçu rejissor Elşad Əliyev, görüntü rejissoru (quruluşçu operator) Cavid Oruclu, quruluşçu rəssam Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserlər Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir. Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.