Dünyanın ən gözəl şəhərləri siyahısında yer alan İtaliyanın Venesiya şəhərində bu ildən turist qruplarına məhdudiyyətlər tətbiq olunacaq.
Venesiya Bələdiyyəsinin qəbul etdiyi qərara əsasən, 2024-cü il iyunun 1-dən etibarən 25 nəfərdən çox olan turist qruplarının şəhərin tarixi mərkəzinə, həmçinin Murano, Burano və Torçello adalarına səyahətinə icazə verilməyəcək. Qərar davamlı turizmi təşviq etmək və şəhər sakinlərini qorumaq məqsədi daşıyır.
Bundan başqa, hazırda şəhərdəki bələdiyyə muzeylərinə girişdə 25 nəfərlik məhdudiyyət tətbiq edilir. Həmçinin meqafonlardan istifadə və yüksək səsli bələdçilik xidmətləri də qadağan olunub.
Qeyd edək ki, 70 il əvvəl Venesiyanın mərkəzində əhalinin sayı təxminən 175 min nəfər olduğu halda indi bu rəqəm 50 mindən aşağı düşüb. Şəhərdə turistlər üçün yerləşdirmə sayı (çarpayı sayı) isə əhali sayını üstələyib. Bu, bəzi evlərin turizm obyektinə çevrilməsi və daşınmaz əmlakın bahalaşması kimi səbəblərdən əhali arasında narahatlıq yaradır.
UNESCO Venesiya şəhərinin təhlükədə olan dünya irsi siyahısına salınmasını dəfələrlə tövsiyə edib.