“Açıq qapı” aksiyası olacaq
11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin qoruğu yaradılıb. Əlamətdar gün, Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ölkəmizdə 10 milli park və 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.
İlisu Dövlət Təbiət Qoruğunun milli parka çevrilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlər görülür. Qobustanda palçıq vulkanlarının olduğu ərazilərdə geoloji parkların yaradılması planlaşdırılıb və həmin istiqamətdə tədbirlər davam etdirilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vaxtilə 4 qoruq, 2 milli park mövcud olub. Hazırda onların bərpası da prioritet məsələlərdən biridir.
Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar milli parklarda “açıq qapı” aksiyası olacaq. “Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala bilərlər.