Yanvarın 8-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yüksəliş Forumu keçirilib. Forum “Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirəyə çıxarmaq, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunub.
Forumda birinci, ikinci və üçüncü “Yüksəliş” müsabiqələrinin 7 nəfər qalibinin çıxışları dinlənilib, “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələri aparılıb.
Müzakirələr zamanı rəqəmsal transformasiya, dördüncü sənaye inqilabı, təhsil sahəsində islahatlar, xarici investisiyanın ölkəyə cəlb olunması, təbii sərvətlərdən gələn gəlirin toplanması, saxlanması və gələcək nəsillər üçün səmərəli istifadə olunması istiqamətində atılan uğurlu addımlar, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi məqsədilə kadrların cəlb olunmasıvə s. mövzulara toxunulub.
Forumun sonunda “Yüksəliş” müsabiqəsi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursunun davamına dəstək məqsədilə bəyanat qəbul ediblər. Bəyanatda bildirilib ki, Prezident İlham Əliyevin 2004-cü ildə dediyi “Biz “qara qızıl”ı insan kapitalına çevirməliyik” şüarı artıq Azərbaycan reallığıdır. Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək. Odur ki, təhsilə qoyulan vəsait ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Azərbaycanın əsas gücü onun intellektual potensiala, zamanın tələbinə uyğun müasir bacarıqlara və yüksək vətənpərvərliyə malik olan vətəndaşlarıdır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi ölkə başçısının 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.