Xəbər verdiyimiz kimi, ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il iyulun 18-dən noyabrın 29-dək keçirilmiş film layihələri müsabiqəsinin nəticələri elan olunub.
Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqədə seçilməmiş, lakin ssenarilərin inkişaf proqramına yönləndirilmiş layihələrlə bağlı ARKA-nın nəzdində Ssenari laboratoriyası yaradılıb, tanınmış türkiyəli rejissor və ssenarist Semih Kaplanoğlunun rəhbərliyi ilə dekabrın 11-dən 25-dək sözügedən layihələrin ssenarinin inkişaf proqramı çərçivəsində müzakirələri həyata keçirilib.
Eyni zamanda müsabiqənin nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün Apellyasiya komissiyası yaradılıb.
Yanvarın 8-də Apellyasiya komissiyasının ilk iclası keçirilib.
Komissiya üzvləri Apellyasiya komissiyasına təqdim olunan layihələrlə bağlı fikir və təkliflərini səsləndiriblər. Bəzi layihələrin təkmilləşdirilməsi, rejissor işi ilə bağlı təkliflərin verilməsi, əlavə və dəyişikliklərin labüdlüyü diqqətə çatdırılıb.
İclasda komissiyanın növbəti toplantısının yanvar ayının ikinci ongünlüyündə keçirilməsi ilə bağlı qərar qəbul olunub.