2040-cı ilədək Baş planda nələr nəzərdə tutulub?

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il 504 saylı Qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Bakı şəhərinin Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib - “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb. “AS+P Albert Speer + Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.

Baş plan paytaxtın bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək dövrdə şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən güclü və davamlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, şəhər infrastrukturunun genişləndirilməsi, ekoloji sağlamlaşdırma və ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələləri Baş planda ehtiva edilir.

Qarşıdakı 16 ildə paytaxtın simasının xeyli dərəcədə dəyişməsini nəzərdə tutan Baş planda nələr var?

Bakı şəhərinin 2040-cı ilədək inkişafı çoxmərkəzli inkişaf strategiyasına əsaslanacaq. Çoxmərkəzli inkişaf strategiyası iki əsas məqsədə nail olmağı hədəfləyir: Mərkəzi Bakının yüklənmədən azad olunması; şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, mənzil fondunun müasirləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi.

Baş plan çərçivəsində mərkəzlər üç kateqoriyaya bölünüb.

Əsas şəhər mərkəzi (Mərkəzi Bakı) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.

Regional Mərkəzlər – Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.

Alt-mərkəzlər isə Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu ərazilər və əsas şəhər mərkəzi arasında əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.

 

Mərkəzi Bakı

 

Baş plana əsasən, Əsas Şəhər Mərkəzi (Mərkəzi Bakı) təqribən 16 860 ha sahəni əhatə edir. Ərazi şimaldan cənuba 16 km, şərqdən qərbə 20 km məsafədə uzanır. Buraya Bakının altı inzibati şəhər rayonu olan Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami və Xətai rayonları daxildir. Bundan əlavə, mərkəzin ərazisinə Lökbatan, Badamdar, Xocəsən, Biləcəri, M.Ə.Rəsulzadə, Sabunçu, Bakıxanov və Qaraçuxur qəsəbələrinin bir hissəsi də daxildir. Mərkəzi Bakı adlandırılan əraziyə Bakı şəhərinin Baş planı çərçivəsində əsas inkişaf əraziləri olaraq müəyyən olunmuş göl və gölətrafı ərazilər də daxil edilib.

Mərkəzi Bakının əhatə dairəsinə gələcək metro şəbəkəsinin əhatə edəcəyi ərazi və əsas inkişaf əraziləri daxildir. Qaraçuxur qəsəbəsinin Mərkəzi Bakıya daxil edilməsinin səbəbi onun çox hissəsinin şəhərdaxili ərazilərə xas tikinti sıxlığına sahib olması və qəsəbə ərazisinin metro sistemi ilə əlaqələndirilməsi ilə bağlı perspektiv planların olmasıdır. Qəsəbə topoqrafik məhdudiyyətlərə görə şərq və cənub hissəyə bölündüyü üçün Mərkəzi Bakı ilə funksional əlaqələr üstünlük təşkil edir.

 

İki regional mərkəz və dörd alt-mərkəz

 

Şəhər ərazisində iki regional mərkəzin yaradılması nəzərdə tutulur.

Mərdəkan – Bakının şərqində yerləşən qəsəbə özünün kənd tipli məntəqə xarakterini qoruyub saxlayacaq. Fərdi evlər olan orta sıxlıqlı ərazilərdəki boş torpaq sahələri nöqtəvi inkişaf konsepsiyası əsasında inkişaf etdiriləcək.

Ələt – Bakının cənub hissəsində Azad İqtisadi Zona ətrafında yaranacaq yüksək sıxlıqlı yaşayış ərazilərindən ibarət yeni iqtisadi mərkəz olacaq.

Həmçinin dörd alt-mərkəzin yaradılması planlaşdırılır.

Zığ və Hövsan – Bakının şərqində şəhər qapısı rolu oynayan, orta sıxlıqlı yaşayış məhəllələri, sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur.

Sabunçu – çoxfunksiyalı (qarışıq-istifadə təyinatlı) yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi nəzərdə tutulur. Sabunçu güclü ictimai nəqliyyat əlaqəsinə və əhatə dairəsi hazırda 0,38 milyon nəfər olan xidmət şəbəkəsinə sahibdir;

Binəqədi – şimal qapısı rolunu oynayan, orta sıxlıqlı yaşayış ərazilərindən ibarət mərkəz kimi inkişaf etdiriləcək. Binəqədi alt-mərkəzi şəhərin şimalında Böyükşor gölünün bərpa planı çərçivəsində yaradılan istirahət imkanlarından istifadə etmək imkanı əldə edəcək.

Lökbatan – şəhərin qərb qapısı rolunu oynayan, şərq hissə boyu yaşıl zolağın bir hissəsini təşkil edən logistika (son təyinat mərkəzinə çatdırılma) və istehsal mərkəzi kimi inkişaf etdiriləcək.

 

Mərkəzi Planlaşdırma Rayonu – tarixi və mədəni irs

 

Bakının mərkəzi hissəsinin şəhər simasının qorunaraq inkişaf etdirilməsi üçün Baş plan çərçivəsində Bakının Mərkəzi Planlaşdırma Rayonunun yaradılması təklif olunur. Qeyd edilən rayonun ərazisinə İçərişəhər, onun mühafizə zonası, habelə şəhərin memarlıq abidələrinin əksəriyyətinin yerləşdiyi ərazi daxildir. Tarixi binalarla yanaşı, müasir və əlamətdar binaların da yerləşdiyi Bakının Mərkəzi Planlaşdırma Rayonu özünəməxsus şəhər simasına malik ərazidir. Bu ərazidə Bakının simasını və mədəni irsini təcəssüm etdirən çoxlu sayda qeydiyyata alınmış abidələr və tarixi binalar yerləşir.

Bakının Mərkəzi Planlaşdırma Rayonu inzibati, ticarət və mədəniyyət müəssisələrinin cəmləşməsi ilə səciyyələnən, şəhərin tarixi və bugünkü mərkəzini əhatə etməlidir. Onun aşağıdakı zonalara bölünməsi təklif olunur:

1. UNESCO-nun Dünya İrs Siyahısına daxil olan “İçərişəhər” / Mühafizə zonası. Qala şəhərin ətrafındakı mühafizə zonası daxilində hər hansı binanın tikintisinə icazə verilməməlidir.

2. “İçərişəhər”in genişləndirilmiş mühafizə zonası. “İçərişəhər”in birbaşa qonşuluğunda olan bu həssas ərazidə aparılacaq gələcək inkişaf fəaliyyətlərinə səlahiyyətli qurumların (Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, DŞAK, Memarlar İttifaqı) nümayəndələrindən ibarət ekspert heyəti tərəfindən nəzarət edilməlidir. Bu ərazidə tikinti təsdiqləri qeyd edilən ekspert heyətinin razılığı ilə verilməlidir. Binanın tutumu, mərtəbəliliyi, habelə memarlıq layihəsinin keyfiyyəti əsas meyarlar kimi qəbul edilməlidir.

3. Tarixi şəhərin genişləndirilmiş mərkəzi. Bu ərazi üçün eynitipli memarlıq və ərazi təşkili səciyyəvidir. Ərazi əsasən yaşayış və inzibati binalar, ticarət obyektləri, mehmanxanalar və infrastruktur obyektlərinin cəmləşdiyi qarışıq istifadə olunan şəhər strukturuna sahibdir. Burada həyata keçiriləcək inkişaf fəaliyyətlərində şəhərsalma kontekstinə uyğun yenidən qurulmuş tarixi binalarla nöqtəvi şəkildə inşa olunan müasir binaların vəhdəti nəzərə alınacaq.

 

Sənaye sahələri köçürüləcək

 

Baş planda ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir. Qeyd edilir ki, Səngəçal və Ələt ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir.

Planda Bakının neft sənayesi, neft sənayesinin tarixi, bu sahədəki ixtiralar və onların dünya təcrübəsinə təsirlərinin nümayiş etdiriləcəyi və eyni zamanda neft sənayesinin və neft sənayesi ilə əlaqədar sahələrin gələcəyi haqqında maarifləndirici materialların təqdim ediləcəyi “Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı”nın yaradılması təklif edilir.

2040-cı il üçün piyada yolları şəbəkəsi Bakı Mərkəzi Planlaşdırma Rayonunun şimal hissəsindəki dar (yaşayış) küçələr avtomobil nəqliyyatından azad sakit ərazilərə çevriləcək. Arterial küçələr kimi təsnif olunmayan küçələrdə sürət həddinin 30 km/saat müəyyən edilməsi nəzərdə tutulur. 2040-cı ilə qədər sürət həddi 30 km/saat müəyyən edilən küçələrin uzunluğu təqribən 4,1 km artaraq ümumilikdə 11,5 km-ə çatacaq.

 

Metro şəbəkəsi iki dəfə artır, tramvay geri qayıdır

 

2040-cı ilədək “28 May” stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması planlaşdırılır. Bu vaxtadək dairəvi metro şəbəkəsinin tamamlanması, “28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması da Baş plandakı proqnozlardır.

Bundan əlavə, Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Qeyd olunur ki, hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Tramvay-elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər. Proqnozlara görə, yaradılacaq tramvay şəbəkəsi 1-ci mərhələdə (2027-ci il) 17 km uzunluğunda (26 dayanacaq) olacaq. 2040-cı ildə isə 56 km-ə (78 dayanacaq) çatacaq.

Xatırladaq ki, Bakıda ötən əsrin 20-ci illərində istifadəyə verilən tramvay xətləri 90-cı illərdə ləğv olunub. Tramvaya nisbətən cavan olan trolleybus (gələcəkdə metrobus) da ömrünü 90-cı illərdə başa vurub.

2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası da nəzərdə tutulub. Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocəsən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində “Xarici Dairəvi Yol” ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılıb.

 

Kurort turizmi, velosiped yolları

 

Baş planda Bakıda kurort turizminin inkişafı üçün təxminən 169,8 ha yeni inkişaf ərazisi ayrılıb. Yeni ictimai çimərliklərin inkişafı üçün isə təxminən 314,6 ha ərazi müəyyən edilib.

Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır. Bu müddətdə parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması, üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması, mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi, turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Xocəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması da planda var. Böyük şəhər parkı tipinə aid edilən Xocəsən gölü ətrafındakı parkda mövsümi və ya müvəqqəti tədbirlər, avarçəkmə klubu kimi daimi fəaliyyətlər üçün imkanlar yaradıla bilər. Yeni Xocəsən gölü parkının sakit və rahat atmosferində və yerli alt mərkəzin yaxınlığında müasir təhsil mərkəzinin yaradılması da planlara daxildir.

Baş planda qeyd olunub ki, Böyükşor gölünün böyük şəhər parkı (təqribən 388,8 ha), yəni yaşayış, işləmək və istirahət etmək üçün özünəməxsus bənzərsiz ərazi kimi formalaşmasını təmin etmək üçün pilləli inkişaf yanaşması tətbiq edilməlidir. Böyükşor gölünün bərpası planına gölə atılan sənaye mənşəli tullantı sularının və kanalizasiya sularının təmizlənməsi daxildir.

 

Baş planın maliyyəti

 

2040-cı ilədək Bakı şəhərinin inkişafı üçün ümumilikdə 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastrukturunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur.

Qeyd edilir ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.