Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətindən danışıb.
Yanvarın 8-də Papa Fransisk Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün təşkil edilən ənənəvi illik tədbirdə çıxış edib. O, Vatikanın 2023-cü ildəki fəaliyyəti, habelə 2024-cü il üzrə hədəfləri barədə məlumat verib, həmçinin dünyada baş verən proseslərə dair fikir və çağırışlarını səsləndirib.
Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan katoliklərin ruhani lideri tərəfləri sülh müqaviləsini imzalamağa çağırıb. O, bölgənin sakinlərinin çətin humanitar vəziyyəti ilə bağlı həll yolu tapmaq, köçkünlərin öz evlərinə qanuni və təhlükəsiz şəkildə qayıtmasını təşviq etmək, orada müxtəlif dini icmalara məxsus ibadət yerlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb. Deyib ki, bu addımlar çox arzulanan sülh baxımından iki ölkə arasında etimad mühitinin yaradılmasına kömək edəcək.
Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Papa Fransiskə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və təbrikini çatdırıb, Roma Papasını ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasında iştiraka dəvət edib.