2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində yeddi namizəd iştirak edəcək. Prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 9-da keçirilən iclasında bildirilib.

MSK-nın sədri Məzahir Pənahov diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən, yanvarın 8-i saat 18:00-da imza vərəqələri ilə (minimum 40 min imza) birlikdə namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təhvil verilməsi vaxtı bitib. Namizədliyi irəli sürülən 17 nəfərdən 10 nəfər zəruri olan seçki sənədlərini qeyd olunan vaxtadək təqdim etməyib.

Xatırladaq ki, MSK dekabrın 30-da Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Yanvarın 6-da namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayevin namizədliyi ilə bağlı qərar verilib.

MSK-nın yanvarın 9-da keçirilən iclasında isə Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi), Fazil Mustafa (Böyük Quruluş Partiyası), Elşad Musayev (Böyük Azərbaycan Partiyası) və namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyev növbədənkənar prezident seçkilərində namizəd kimi qeydə alınıb.

İclasda fevralın 7-nə təyin edilmiş seçkilərlə əlaqədar ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə seçki dairələrinin siyahısının təsdiq olunması məsələsinə də baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.

Beynəlxalq müşahidə missiyası təmsilçisi, prezidentliyə namizədin və namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.