Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələn vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bu barədə AMEA-dan məlumat verilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və AMEA ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
AMEA rəhbəri diqqətə çatdırıb ki, 2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 ili tamam olur.
Məhəmməd Əmin Rəsulzadənin XX əsrin əvvəllərində Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərdiyini deyən akademik İsa Həbibbəyli onun publisistik, ədəbi-tənqidi və elmi irsinin Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutuduğunu bildirib.
Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədilə akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.