Azərbaycan xalqının mədəni inkişaf tarixində mühüm rol oynamış maarifçi qadınlardan biri də Cavanşirlər nəslinin görkəmli nümayəndəsi Həmidə Cavanşir-Məmmədquluzadədir. XIX əsrin sonları - XX əsrin əvvəllərində yaşayıb məhsuldar ictimai fəaliyyətlə məşğul olmuş bu ziyalı xanım daim xalqının rifahı üçün çalışıb, cahilliyə, mövhumata qarşı mübarizə aparıb. Avropa təhsili almış böyük maarifçi, tarixçi, “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərinin, eləcə də çoxsaylı şeir və tərcümələrin müəllifi - Əhməd bəy Cavanşirin qızı olan Həmidə xanım zəngin dünyagörüşü və idarəçilik qabiliyyəti ilə daim seçilib.

Bunu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunmuş elmi seminar məşğələsində məruzə ilə çıxış edən Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqova deyib.

Məruzəçi Həmidə Cavanşirin çoxşaxəli sosial-ictimai fəaliyyətindən söz açaraq, onun Qarabağ əhalisinin rifahının yüksəldilməsində əvəzsiz xidmətlər göstərdiyini bildirib. Qeyd edib ki, əsl xalq təəssübkeşi olan Həmidə xanım Qarabağda oğlan və qızların birgə təhsil aldığı məktəb təsis edib, qadınlar üçün toxuculuq emalatxanası açıb, öz tibbi bilikləri sayəsində yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə müxtəlif tədbirlər görüb.

Rəhilə Sadıqova əlavə edib ki, Həmidə Cavanşir qadınların təhsil alması üçün əlindən gələni əsirgəməyib, onların sosial əməyə cəlb olunması, hər hansı bir peşəyə yiyələnməsi üçün çalışıb.

Seminar məşğələsində məruzəçi filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva və digər iştirakçıların suallarını cavablandırıb.