Yanvarın 10-da Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist, yazıçı, publisist və türkoloq-alim, professor Ramiz Əskərin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Tədbiri giriş sözü ilə MŞ-nin sədri Rəşad Məcid açaraq bildirib ki, R.Əskər həm jurnalistikada, həm ədəbi yaradıcılıqda, həm də elmi müstəvidə sanballı və geniş fəaliyyət diapazonu ilə seçilən simadır.
R.Əskəri yalnız Azərbaycanda deyil, bütövlükdə Türk dünyasında adı fəxrlə çəkilən söz adamı və elm xadimi kimi səciyyələndirən R.Məcid əlamətdar yubiley münasibətilə təbriklərini çatdırıb, MŞ-nin diplomunu alimə təqdim edib.
Toplantıda çıxış edən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər – Bəbir Hüseynov, Rəhim Hüseynzadə, Mədət Məmmədov, yazıçı-publisist Fazil Abbasov və başqaları R.Əskərin istər jurnalist, istərsə də elmi fəaliyyətinin bir vətənpərvərlik örnəyi olduğunu vurğulayıblar.
R.Əskər fəaliyyətinə yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib.