AMEA Rəyasət Heyətinin iclasında ölkə başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, sərəncamda müvafiq dövlət qurumlarına və AMEA-ya Naxçıvan Muxtar Respublikasının 100 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Naxçıvan tarixən Azərbaycanın həm də mühüm elm və təhsil mərkəzlərindən biri olub, Azərbaycana çox sayda görkəmli ziyalı, elm və mədəniyyət xadimləri bəxş edib.
Bütün digər sosial-iqtisadi sahələrdə olduğu kimi, Naxçıvanda elmin inkişafında da Heydər Əliyevin mühüm xidmətləri olub. Bu baxımdan 2002-ci ildə AMEA-nın Naxçıvan Bölməsinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Bölmə ötən müddət ərzində Naxçıvanın qədim tarixinin, zəngin mədəni mühitinin, görkəmli klassiklərimizin, dərin köklərə malik folklorumuzun, arxeologiya və etnoqrafiyanın öyrənilməsi və s. istiqamətlərdə uğurla fəaliyyət göstərib.
İclasda Rəyasət Heyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında Ulu öndərin tarixi xidmətləri, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş tədbirlər planının hazırlanması qərara alınıb.