Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı şəhid Mətləb Quliyevin 65 illiyi ilə əlaqədar xatirəsi anılıb.

Şəhid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli qəhrəmanın ömür və döyüş yolu haqqında məlumat verilib. Qeyd edilib ki, Mətləb Kamran oğlu Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulub. Əslən Cəbrayıl rayonundandır. C.Naxçıvanski adına Hərbi məktəbə daxil olub, 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vurub. Sumqayıt şəhərində 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən Daxili İşlər Nazirliyində işə düzəlir. Ermənilərin torpaqlarımızı işğalına qarşı o da cəbhədə öz yerini alır. 1992-ci il avqustun 31-də Ağdam istiqamətində qəhrəmancasına şəhid olur. Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Tədbirin sonunda fəal oxucular vətənsevərlik ruhlu şeirlər səsləndiriblər.