Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə “Turizm sənayesi subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.
Forumda çıxış edən ATAA idarə heyətinin sədri Göydəniz Qəhrəmanov 2023-cü ilin ölkə turizminin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin turizmə ayırdığı xüsusi diqqət və qayğı sayəsində bu sahənin təşəkkül tapdığını söyləyən sədr deyib: “Prezident İlham Əliyev turizm sahəsini daha da inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə inteqrasiyasını təmin edir”.
Qeyd olunub ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a 2024-cü ildə Bakıda keçiriləcək. Bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi Azərbaycanın turizm sənayesi qarşısında da yeni çağırışlar qoyur.
Azərbaycan Hotel Assosiasiyası idarə heyətinin sədri Eldar Əlimuradov qeyd edib ki, Prezident İlham Əliyevin sahəyə xüsusi diqqəti sayəsində 2011-ci ildən sonra turizmin inkişafı yeni mərhələyə qədəm qoyub. Azərbaycanda bir çox beynəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir: “2003 - 2019-cu illərdə Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfə artıb. 2019-cu ildən etibarən pandemiya hotelçilik industriyasına böyük zərbə vurub. Bir çox hotellər karantin hotellər kimi fəaliyyət göstərirdi. Postpandemiya dövründə hotelçilik sahəsi yenidən canlanmağa başladı”.
Forumda Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasinın baş katibi Tural Musayev, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının rəhbəri Azər Qəribov da çıxış ediblər.
Forum işini “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” adlı panel müzakirələrlə davam etdirib.
Forumda turizm sənayesində ixtisaslaşmış assosiasiyaların birgə bəyanatı da qəbul edilib. Bəyanatda dövlət başçısı İlham Əliyev tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.
“Biz – turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, ölkəni qələbədən-qələbəyə aparan Prezident İlham Əliyevlə fəxr etdiyimizi bəyan edirik. Ulu öndər Heydər Əliyevin yolu ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik. İlham Əliyev qalib xalqın qalib lideridir!” – deyə bəyanatda vurğulanır.