Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında ölkə başçısının “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli sərəncamının icrasından irəli gələn vəzifələrlə bağlı müzakirələr aparılıb.
Akademiyanın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, sərəncamda Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və AMEA ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Məhəmməd Əmin Rəsulzadənin görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olduğunu deyən İsa Həbibbəyli onun publisistik, ədəbi-tənqidi və elmi irsinin Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutduğunu bildirib.
Sərəncamın icrasını təmin etmək məqsədilə akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib.