Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı radio-televiziya yayım stansiyası torpaqlar işğal altında olan müddətdə istismara yararsız vəziyyətə düşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, işğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib.
Nəticədə Azərbaycan Radiosunun, İctimai Radionun və 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Qubadlı, Laçın və Zəngilan rayonlarının digər stansiyaların siqnalları ilə əhatə olunmayan ərazilərində yayımı təmin edilib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək 7 radio-televiziya yayım stansiyasının, o cümlədən Qubadlı rayonu ərazisində 2021-ci il oktyabrın 25-də Xanlıq radio-televiziya yayım stansiyasının işi bərpa edilib.
Bərpa tədbirləri Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına uyğun olaraq həyata keçirilir.