“Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi”

 

Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi.

Prezident İlham Əliyev bu sözləri yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident qeyd edib ki, 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi: “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi”.

“Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir” deyən İlham Əliyev bildirib ki, biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik. 2023-cü ilin 19-20 sentyabrı, Azərbaycanın Qarabağda suverenliyinin tam bərqərar olması, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz: “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Prezident deyib: “Təbii ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpa edək. Ancaq tarix nöqteyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesi zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdi ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı, bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaq. Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi.  Biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada əlverişli görünə biləcək hansısa nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsin. Bax, əsas məsələ bu idi”.

 

Xankəndidə bayrağın qaldırılması ədalətin tam bərpası idi

 

Dövlətimizin başçısı 2023-cü ilin 15 oktyabrında Xankəndidə, Xocalıda Azərbaycan bayrağını ucaldarkən keçirtdiyi hissləri də xatırlayıb: “Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bu kadrları görəndə hamımız eyni hissləri keçirmişik, o cümlədən mən də. Mənim hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi, qürur və sevinc hissi əlbəttə ki. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik...

Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir...

Təbii ki, Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi...”.

Prezident qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik: “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.

Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər.

Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var: “O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da, ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.

Ermənistanla sülh müqaviləsi ilə bağlı gedən prosesdən danışan dövlətimizin başçısı bildirib ki, onun imzalanması üçün əsas şərtlər yaradılıb. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacaq. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik.

 

Bu il beş şəhərə köç başlayacaq

 

Prezident Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri və Böyük Qayıdış barədə də danışıb. “İnfrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək.

Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, – hansılarda ki, mən təməl qoymuşam, – orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk... 2026-cı ilin sonuna qədər hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq”.

2024-cü ilin investisiya proqramının artıq bir neçə dəfə müzakirədən keçdiyini, yaxın günlərdə təsdiqlənəcəyini söyləyən İlham Əliyev bildirib ki, bu il Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Zəngəzur nəqliyyat dəhlizinə gəlincə, Azərbaycandan Azərbaycana (Naxçıvan MR-ə – red.) insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir: “Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Dövlətimizin başçısı Azərbaycanın hələ də Ermənistanın işğalı altında qalan sərhəd kəndləri məsələsinə də toxunub. Bildirib ki, həmin səkkiz kəndlə bağlı həm Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyindədir: “Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.

 

Sərhədboyu mövqelərdən bir addım geri gedən deyilik

 

Prezident onu da vurğulayıb ki, biz sərhəddə nə 2021-ci ilin may ayında, nə də 2022-ci ilin sentyabr ayında əldə olunan mövqelərdən bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir: “Bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək”.

Prezident əlavə edib ki, qazandığımız Zəfər, əldə etdiyimiz tarixi nailiyyətlər gələcək inkişafımız üçün böyük zəmindir. O cümlədən 2019 - 2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük özünəinam yaradıb. Amma bizə qarşı ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum... Biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq... Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.

Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan dövlətimizin başçısı bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb, burada bir oxşarlığın olduğunu qeyd edib: “Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur”.

İlham Əliyev qeyd edib ki, 2024-cü ildə Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq. Artıq bir neçə ölkədən əməkdaşlıq təklifi almışıq: “Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir”.

 

Prezident seçkiləri niyə vaxtından əvvəl keçirilir?

 

İlham Əliyev müsahibə zamanı fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri diqqətə çatdırıb: “Birinci səbəb, təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir.

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.

Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi, təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir”.

 

Yeni dövrün yeni hədəfləri olmalıdır

 

“Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik” deyən İlham Əliyev bildirib ki, yeni dövrün yeni hədəfləri olmalıdır: “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir...

Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər. Bu, ayrı bir böyük söhbətin mövzusudur. Bəlkə nə vaxtsa ayrıca bu məsələ ilə bağlı da biz danışarıq. Amma hər halda sualınıza cavab verərək deməliyəm ki, bəli, yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq”.