Rusiyanın məşhur teatr və kino aktyoru, SSRİ Xalq artisti Yuri Solomin yanvarın 11-də, ömrünün 89-cu ilində vəfat edib. İnsult keçirən sənətkar iki ay müalicə olunduğu xəstəxanadan bir neçə gün əvvəl evə buraxılmışdı.
Yuri Mefodyeviç Solomin 1935-ci il iyunun 18-də Çitada anadan olub. 1957-ci ildə Moskvada Dövlət Akademik Malı Teatrın nəzdində M.S.Şepkin adına Ali Teatr Məktəbini bitirdikdən sonra həmin teatrın truppasına qəbul olunub. Bu teatrda əvvəl aktyor, 80-ci illərdən isə həm də rejissor kimi fəaliyyət göstərib. 1988-ci ildən ömrünün sonunadək Malı Teatrın bədii rəhbəri olub. 1961-ci ildən həmçinin M.S.Şepkin adına Ali Teatr Məktəbində dərs deyib.
Yuri Solomin kinoda oynadığı rollarda da geniş tamaşaçı rəğbəti qazanıb. “Əlahəzrətin yavəri”, “Əzablı yollarla”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” kimi dövrün məşhur televiziya filmləri başda olmaqla 60-a yaxın film və serialda rol alıb. Ona ümumittifaq şöhrəti qazandıran isə “Əlahəzrətin yavəri” 5 seriyalı televiziya filmindəki baş rol (kapitan Koltsov) olub.
Y.Solomin 1990-1991-ci illərdə RSFSR-nin mədəniyyət naziri vəzifəsində də işləyib.