Yanvarın 11-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda unudulmaz şairə Nurəngiz Günün (1938 –2014) 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusiflinin “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının təqdimatı da olub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şairə, publisist və dəyərli insan kimi xarakterizə edib. Qeyd edib ki, çoxcəhətli yaradıcılığa malik olan Nurəngiz Gün peşəkar yazıçı missiyasını həm lirikasında, həm də poemalarında yüksək səviyyədə yerinə yetirib. Onun sözlərinə görə, “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabında şairənin yaradıcılığı bütün istiqamətlər üzrə dərindən təhlil olunub, elmi təhlillər aparılıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Şairə Nurəngiz Gün haqqında söz” mövzusunda məruzəsini təqdim edib. Qeyd edib ki, Nurəngiz xanım Güney Azərbaycanın əsas simvollarından biri olan Ərk qalasına həsr etdiyi şeirində vətənpərvərlik, məğrurluq, əyilməzlik ehtiva edən bədii obraz yaradıb. Həmçinin şairənin yaradıcılığındakı ana obrazı da tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayırmış kimi şeirə gətirib.

“Nurəngiz Gün poeziyasının işığında” mövzusunda məruzə ilə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı akademik Nizami Cəfərov ədibin yaradıcılığından, şeirlərinin özünəməxsusluğundan danışıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Nurəngiz Günün yaradıcılığından söz açıblar.

Filologiya elmləri doktoru Esmira Fuadın “Nurəngiz Gün nəsrində “qırmızı qaranlıq”larla poetik üzləşmələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəlinin “Nurəngiz Günün poetik yaradıcılığı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlının “Nurəngiz Gün poeziyasında insan-cəmiyyət və insan-təbiət münasibətlərində harmoniya axtarışı” mövzularında məruzələri dinlənilib.

Vaqif Yusifli “Poeziyamızın ağ çiçəyi Nurəngiz Gün” kitabının ərsəyə gəlməsindən bəhs edib.

Məktəblilərin ifasında Nurəngiz Günün şeirlərindən nümunələr səsləndirilib, şairənin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda çıxış edən şairənin qızı, Milli Məclisin deputatı filologiya elmləri doktoru Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün tədbirin təşkilatçılarına və iştirakçılarına, AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirib.