Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq, Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib.

Sərginin açılışında Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev çıxış edərək regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin əhəmiyyətindən söz açıblar.

"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan sərginin təşkilinə yaradılan şəraitə görə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Naşir deyib ki, "Mücrü" nəşriyyatı tərəfindən Mil-Muğan RMİ-nin əhatə etdiyi regionda fəaliyyət göstərən yazıçı və şairlərin seçilmiş əsərlərindən ibarət antologiya nəşr olunacaq.

Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, müəllim və məktəblilərin iştirak etdiyi sərgidə “Mücrü” nəşriyyatının çap etdiyi dünya və yerli ədəbiyyat nümunələri ilə bərabər, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər də təqdim olunub.