Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, tərcüməçi Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) haqqında kitab işıq üz görüb.

“Uşaq ədəbiyyatında Tofiq Mahmud imzası” adlı kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanıb.

Ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçisi professor Şirindil Alışanlı, elmi redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

Kitabda Tofiq Mahmudun ömür yoluna və yaradıcılığına hərtərəfli işıq salınıb. Məqalələrdə ədibin zəngin ədəbi irsi, fəal ziyalı mövqeyi diqqət mərkəzinə çəkilib.