Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” kitabı çap edilib.
Bu barədə Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, kitab “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri” adlı elmi-tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib. Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 150-dən çox bitki və bitki yığımının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub.
Nəşrin elmi redaktorları AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə professorlar Şakir Qasımov, Fikriyə İbrahimova və Cavanşir İsayevdir.
Kitab əhəmiyyətli mənbə kimi öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunacaq.